AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ülkər Piriyeva - “Heydər Əliyev və Azərbaycan Mətbuatı” - ÖZƏL

  • + A
  • - A
  • 4-05-2023, 14:36

    Ülkər Piriyeva - “Heydər Əliyev və Azərbaycan Mətbuatı” -

    Politoloq/Araşdırmaçı jurnalist Ülkər Piriyeva



    Heydər Əliyev və Azərbaycan Mətbuatı –
    Müasir Azərbaycan mətbuatının inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

    Azərbaycanda mətbuat XIX əsrdə yaransa da, onun tam şəkildə müstəqil dövlətçilik maraqlarına xidmət etmək funksiyası yalnız XX əsrin sonlarında reallığa çevrilib: "Doğrudur, Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzetilə Azərbaycan xalqının milli ideyasının formalaşması prosesində milli mətbuatın rolu nəzərə çarpmağa başladı, amma dünyanın reallığa çevrilən çağırışlarına cavab verə biləcək, Azərbaycan coğrafiyasında ictimai düşüncəni formalaşdıracaq və xalqımız haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq media institutu düz bir əsr boyunca meydana gəlmədi. Bunun səbəbləri isə hər kəsə bəllidir. Lakin sevindirici hal ondan ibarətdir ki, keçmiş SSRİ rəhbərliyinin, erməni daşnaklarının Azərbaycan xalqının "düşünən beynini" - ziyalılarını, alimlərini, yazıçılarını, mədəniyyət nümayəndələrini məhv etməsi prosesinin qarşısını alan Ümummilli lider Heydər Əliyev, eyni zamanda, cəmiyyətimizin "güzgüsü" olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən “MEDİA”nın əsaslarını yaratdı. İstər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə, istərsə də xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə mətbuatın inkişafı, söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atdı. Ulu öndər deyirdi ki, “jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.
    Beləliklə, Ulu öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edildi, 1998-ci ildə Azərbaycanda senzura ləğv olundu. Bundan başqa, məhz Ulu öndər Heydər Əliyev müasir Azərbaycan jurnalistikasının inkişafı və müasir standartlara yiyələnməsi, həmçinin, peşəkarlığın inkişafı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsində mühüm rol oynadı...
    Qeyd edim ki, Ulu öndər 1969-cu ildə ana dilimizin və Milli mətbuatımızın əsl xilaskarı oldu. Eyni zamanda, totalitar Sovet rejiminin senzura maşını milli mətbuat ənənəsinin inkişafını dayandırsa da, peşəkarlıq baxımından bu sahədə müəyyən yol qət edildi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında məhz Ulu öndərin təşəbbüsü ilə dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması isə demək olar ki, bütün qaranlıqlara işıq saçdı. O dönəmdə, Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Beləliklə, Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi.
    1993-cü ilin iyunundan sonra xalqımızın milli dəyəri olan mətbuatımızın tarixində yeni, işıqlı bir səhifə açıldı.. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın inkişafında da mühüm dəyişikliklərə səbəb oldu. Ulu öndərimiz deyirdi: “Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərmişdir”. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında da mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
    Xüsusilə, 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Nəzərinizə çatdırım ki, bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayıldı. Məhz Ulu öndər Heydər Əliyevin imzaladığı bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Ümummilli liderimiz Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Ulu öndər Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurdu. Bundan başqa, Ulu öndərimiz cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzet baş redaktorları ilə keçirdiyi görüşlər Ümummilli liderimiz Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə jurnalistləri Ulu öndər Heydər Əliyevi təkcə ölkə başçısı kimi deyil, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Jurnalistlərinin Müdafiə Komitəsi tərəfindən keçirilən sorğu nəticəsində “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

    Əlbəttə, bu gün Azərbaycan hakimiyyəti ölkəmizdə söz azadlığının, vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır.


    Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Bəli, qürurla deyə bilərik ki, Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb.



    Hazırda, ölkədə MEDİA fəaliyyət göstərir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmışdır.
    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
    Müvafiq sahənin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətləridir.
    Qeyd edim ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması da Ulu Öndərimizin əziz xatirəsinə ehtiramın ali nümunəsidir. "Heydər Əliyev İli" çərçivəsində keçirilən hər bir tədbir əbədiyaşar Öndərimizin siyasi fəaliyyətinin hər bir mərhələsinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

    Məhz, bu il peşəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Ulu Öndərin müqəddəs mənəvi varlığı və müstəqil dövlətçiliyimiz qarşısında hesabat ili olacaqdır.


    Bir sözlə, 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi hər bir jurnalistin də ürəyincə olan siyasi hadisədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR