Ülvi Quliyev
Milli Məclisin deputatı
Bakı, 5 May — Azadmedia.az
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti birgə səyyar görüş keçirilib.
Azadmedia.az xəbər verir ki, sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev vətəndaşlarla görüşüblər.
Belə ki, səyyar qəbul rayondakı 13 saylı tam orta məktəbin akt zalında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, həmçinin rayon icra hakimiyyətinin vəzifəli şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Sakinləri salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öncə “Heydər Əliyev ili” çərçivəsində rayonda görülən iş və həyata keçirilən tədbirlər barədə geniş məlumat verdi, daha sonra isə sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı danışmağı xahiş edib.
Həmçinin söz alan vətəndaşlar mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, qurumuş ağacların budanması, dövlət ehtiyacları üçün alınan ərazilər üzrə kompensasiya məbləği, sosial evlər, tikintiyə icazə və digər məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildiriblər.
Qeyd edək ki, iki saata yaxın davam etmiş qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlərin həlli ilə bağlı əlavə tədbirlər müəyyənləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.