Məşhur Məmmədov
Milli Məclisin deputatı28 may bu il ikiqat bayram oldu. Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıtdılar. Bu, bir daha bütün dünyaya göstərdi ki, bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir.
Yenidənqurma, bərpa işləri ilə tanış olduqda aşkar görünür ki, az müddətə böyük işlər görülüb, zamanla Laçında bütün lazımi şərait yaradılır. 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub.
Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb.
Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Laçın şəhərində çıxışı zamanı bildirdi ki, cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək.
Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında, Şuşadan 10 gün sonra işğal olunmuşdu. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. Cənab Prezidentin apardığı peşəkar, qətiyyətli, diplomatik siyasət nəticəsində cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.
Bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq üçün, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün belə bir təklif irəli sürürdü ki, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır.
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycan qalib oldu. Azərbaycan Ordusu düşməni döyüş meydanında məğlub edib. Danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün tam əminliklə demək olar ki, heç kimdən asılı deyilik. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır. Ağır günlər arxada qalıb. Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq.
İkinci Qarabağ müharibəsindən keçən dövr gələcək üçün çox önəmli idi. Bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb.
Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, sülh müqaviləsi imzalana bilər. Peşəkar diplomatiyanın nəticəsidir ki, son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq.
Müharibə bitib, mübahisəli delimitasiya şərtləridir. Cənab Prezidrntin qeyd etdiyi kimi, delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Son günlərin diplomatik danışıqları göstərir ki, proseslər Cənab Prezidentin irəli sürdüyü delimitasiya şərtlərinin həllinə aparır.