“Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluq-qardaşlığının daha bir nümunəsi, təsdiqi ilə yanaşı, eyni zamanda İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallığın dünyaya nümayişi və bu reallığın qəbul edilməsinin zəruri olduğunun mesajı idi. Sözügedən tarixi sənədlə həmçinin, hər kəsə bildirilirdi ki, bundan sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə sülhün və təhlükəsizliyin qorunmasının zəmanətçisi məhz qardaş Türkiyədir. Təsadüfi deyil ki, sənəddə də bu barədə açıq şəkildə qeyd olunur ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birilərinə hərbi-siyasi dəstək verəcəklər. Vətən müharibəsindən keçən qısa müddət ərzində iki qardaş ölkə arasında belə bir tarixi sənədin imzalanması həm də Ermənistanda müharibədən sonra baş qaldıran revanşist qüvvələrə verilən dərs idi”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov tarixi Şuşa Bəyannaməsini şərh edərkən səsləndirib. Millət vəkili qeyd edib ki, Şuşa Bəyannaməsi həm də Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur:
“Şuşa Bıyannaməsinin imzalanması həm də o anlamı verirdi ki, işğaldan azad edilən ərazilərdə quruculuq-abadlıq işləri, orada infrastruktur layihələrinin həyata keçirilməsində xarici investorlar da iştirak edə bilər. Onlar üçün zəmanəti isə verən məhz bu bəyannamə və həmin tarixi sənədə imza atan iki qardaş ölkədir. Təsadüfi deyil ki, məhz Şuşa Bəyannaməsindən sonra azad edilən ərazilərə xarici investorların marağı artmağa başladı”.
Millət vəkili Şuşa Bəyannaməsinin tarixi Qars müqaviləsinin 100 iliyinə təsadüf etməsinə də diqqət çəkib və bildirib ki, tarixi köklərə bağlılıq, uzaq keçmişə dayanan birlik və bərabərlik iki güclü lider, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imza atdığı sənədlə özünü daha da möhkəmləndirdi, gücləndirdi:
“Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev də Şuşa Bəyannaməsinin imzalanması zamanı etdiyi çıxışda Qars müqaviləsinə istinadən edəərk bildirdi ki, tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.