“Azərbaycan polisi ölkəmizdəki sabitlik və təhlükəsizliyin başlıca qarantıdır”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə polis əməkdaşlarını təbrik edən millət vəkili, polisin ictimai asayişin qorunmasındakı xidmətlərinə diqqət çəkib, cinayətkarlığa qarşı mübarizədəki roluna toxunub:
“Ölkəmizdə ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı effektiv mübarizənin həyata keçirilməsində Azərbaycan polisinin çox böyük xidmətləri mövcuddur. Daxili işlər orqanlarının əməkdaşlarının səyi nəticəsində ölkəmizdə ictimai sabitlik tam təmin olunub, cinayətkarlığın bütün forma və növlərinə qarşı səmərəli mübarizə həyata keçirilib. Bu gün bütün dünyada ən aktual problemlərdən biri olan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycanın daxili işlər orqanlarının əldə etdiyi nailiyyət polisimizin ayıq-sayıqlığının, peşəkarlığının göstəricisi hesab oluna bilər.
Azərbaycan polisi pandemiya dönəmində də xüsusi fədakarlıq sərgiləmiş, vətəndaşların koronavirusdan müdafiəsində, həssas kateqoriyadan olan vətəndaşlara humanitar yardımların çatdırılmasında, onların qayğı və diqqətlə əhatə olunmasında yaxından iştirak etmişdir.
Mən peşə bayramları münasibəti ilə bütün polis əmədkaşlarını təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, bugünə qədər olduğu kimi, bundan sonra da Azərbaycan polisi dövlət başçısının, xalqımızın və dövlətimizin ona olan etimadığını doğruldacaq, millətimizə ləyaqətlə xidmət edəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.