AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Milləti millət edən onun ana dilidir”

  • + A
  • - A
  • 31-07-2023, 09:50

    “Milləti millət edən onun ana dilidir”

    İqbal Məmmədov
    Millət Vəkili

    Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman qətiyyətlə qorumağa müvəffəq olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Sözsüz ki, Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.

    Nəzərinizə çatdırım ki, hər il Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Belə ki, bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ümummilli Lider həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Qeyd etməliyəm ki, Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir.
    Heç şübhəsiz, hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Bir sözlə, bir xalqın Əlifbası həmin xalqın mədəniyyət silahı, milli mənəvi dəyəridir. Təbiiki, müstəsna əhəmiyyətli əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni irsinin, nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, eyni zamanda həmin xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin inkişafına xidmət edir.

    Bütün maneələrə və çətinliklərə baxmayaraq, ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildi. Məhz, Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından önəmli əhəmiyyət kəsb edir.

    Bütün bunlarla bərabər, Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

    Cənab Prezident İlham Əliyev Azərbaycan dili haqqında söylədiyi kimi; “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”. Sözsüz ki, Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi   həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.

    Təbii ki, dilimizin qorunması hər kəsin borcudur. Hər bir halda, zənginliyi nöqteyi-nəzərindən dilimizin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Ancaq qeyd etməliyəm ki, dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Cənab Prezident də hər zaman öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayır.

    Bir sözlə, hər bir azərbaycanlı Ümummmili Liderin təşəbbüsü ilə hər il Azərbaycanda  avqustun 1-nin Azərbaycan əlifbası və dili günü kimi qeyd olunduğunu xatırlamalıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR