AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məşhur Məmmədov: Ermənilər həm ictimaiyyəti çaşdırır, həm də özlərini fəlakətə sürükləyirlər

  • + A
  • - A
  • 17-08-2023, 21:30

    Məşhur Məmmədov: Ermənilər həm ictimaiyyəti çaşdırır, həm də özlərini fəlakətə sürükləyirlər


    Otuz illik işğaldan sonra öz torpaqlarını Vətən müharibəsindəki möhtəşəm Qələbəsi ilə azad edən Azərbaycan regionda yeni reallıqlar yaradıb. Yeni reallıqlar fonunda dövlətimizin qarşısında duran ən ümdə vəzifələrdən biri də nəqliyyat və kommunikasiya yollarının açılmasıdır. Dövlətimizin gücü və qüdrəti sayəsində 2020-ci ildən indiyədək işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkə miqyasında nəhəng infrastruktur layihələri reallaşdırılır, avtomobil, dəmir yolları çəkilir, beynəlxalq hava limanları istifadəyə verilir. Bütün bunlar regionda və dünyada söz sahibi olan Azərbaycanın daha da güclənməsinə, əhalisinin daha yaxşı yaşamasına hesablanıb.

    Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.

    Ölkəmizin hər zaman sülh tərəfdarı olduğunu vurğulayan M.Məmmədov Azərbaycanın regionda sülh və dayanıqlı inkişaf naminə Ermənistanla normallaşma prosesinin müsbət sonluqla nəticələnməsi üçün mümkün olan bütün vasitələrdən istifadə etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Ermənistanın destruktiv mövqeyindən narahatlığını ifadə edən Prezident İlham Əliyev dəfələrlə Qarabağ erməniləri üçün bütün imkanların yaradılacağını bildirib. Qarşı tərəfin təxribat yaratmaqda maraqlı olduğundan təəssüfləndiyini bildirən deputat deyib: “Ümid edirik ki, sonda ermənilərin ağlı başına gələcək və normal bir qərar verməyə cəsarətləri çatacaq”.

    “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi ilə bağlı ermənilərin narazılığını anlamadığını deyən M.Məmmədov onların bununla şou yaratdıqlarını, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışdıqlarını qeyd edib: “Azərbaycan Qarabağda yaşayan ermənilərin ehtiyacları üzrə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib. Ermənilər isə Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə bura beton düzüblər və ölkəmizə qarşı çirkin təbliğat kampaniyasına başlayıblar. Bu da Ermənistanın Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrinin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmadığını göstərir.

    Bu yaxınlarda Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi. Amma ermənilər yenə də öz xislətlərini ortaya qoyaraq razılıqdan boyun qaçırıblar. Bu, ictimaiyyəti çaşdırmaq və özünü fəlakətə sürükləməkdən başqa bir şey deyil”.

    Ağdam–Xankəndi dəmir yolunun 1979-cu ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə inşa olunduğunu diqqətə çatdıran M.Məmmədov bildirib ki, uzaqgörən və müdrik siyasətçi Heydər Əliyev Dağlıq Qarabağın inkişafına hər zaman böyük diqqət yetirirdi. Ulu Öndərin təşəbbüsü ilə Qarabağ bölgəsinə dəmir yolu xətlərinin çəkilməsi bu bölgənin inkişafında paytaxt Bakı ilə əlaqələrinin möhkəmlənməsinə zəmin yaradıb. Bununla həm də regionun iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə artıb.

    “Azərbaycan müharibə dövründə də, müharibədən sonra da həyata keçirdiyi bütün işlərdə beynəlxalq hüququn prinsiplərini əsas tutur. Bunun üçün bizə heç bir ciddi təzyiq ola bilməz, çünki buna ixtiyarları çatmır. Ermənistan rəhbəri də dəfələrlə Qarabağı Azərbaycanın tərkib hissi kimi tanıdığını etiraf edib. Dövlət içində dövlət olmur, Azərbaycan öz ərazisinə nəzarət edir və edəcək. Ümid edirik ki, ermənilər öz tərsliklərindən əl çəkəcək və Laçın-Xankəndi yolundan istifadə ilə barışacaqlar”, - deyən Məşhur Məmmədov fikirlərini yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR