AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qvineya və Konqo təmsilçiləri: Fransa hələ də bizim ölkəmizi talan edir - FOTO + VİDEO

  • + A
  • - A
  • 15-02-2024, 20:01

    Qvineya və Konqo təmsilçiləri: Fransa hələ də bizim ölkəmizi talan edir - FOTO + VİDEO

    Moskvada “Millətlərin azadlığı uğrunda!” Beynəlxalq Forumu öz işinə başlayıb.

    APA-nın Moskva müxbiri xəbər verir ki, Vahid Rusiya Partiyasının təşkilatçılığı ilə keçirilən forumda 50-yə yaxın ölkədən 60 siyasi partiyanı və ictimai təşkilatı təmsil edən 200-dən çox nümayəndə iştirak edib.

    Forumda neokolonializmin müasir təcrübələrinə qarşı mübarizə məsələləri müzakirə olunub.

    Azərbaycanın da təmsil olunduğu forumda qeyd olunub ki, bu forumun yaradılması üçüncü dövlətlərə, o cümlədən Rusiya ilə dost olmayan dövlətlərə qarşı yönəlməyib. Bildirilib ki, bu forum müstəmləkəçilikdən əziyyət çəkən bütün qitələrdə məsul siyasi qüvvələrlə qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Təşkilatçıların fikrincə, forum, qlobal və regional gündəmdə olan məsələlərə tərəflərin yanaşmalarını müqayisə etməyə və ən mürəkkəb məsələlərin həllinə yanaşmaları hazırlamağa imkan verəcək.

    İki gün davam edəcək forumda ölkəmizi Milli Məclisin sədrinin birinci müavini, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, deputat Nizami Səfərov təmsil edirlər.

    “Müasir neokolonializm təcrübələrinə qarşı mübarizə” mövzusunda beynəlxalq forumda iştirak edən millət vəkilləri, mövzu ətrafında aparılacaq müzakirələrdə Azərbaycan tərəfinin mövqeyini bildiriblər.

    Nizami Səfərov qeyd edib ki, neokolonializm müasir dövrün ən çirkin əlamətlərindən və hadisələrindən biridir: “Keçən ilin oktyabrın 20-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyevin müraciətində birmənalı olaraq qeyd edilib ki, Azərbaycan XXI əsrdə neokolonializmin təzahürlərindən ciddi şəkildə narahatdır və neokolonializm metodları ilə mübarizədə bir çox dövlətlərlə həmrəylik nümayiş etdirir. Ümumiyyətlə, bu, çox neqativ prosesdir. Neokolonializmin hazırkı dövrdə təzahürləri müstəqil dövlətlərin işlərinə müdaxilə, suveren hüquqlarının pozulması kimi formalarda özünü büruzə verir. Xüsusilə, bunu Fransanın timsalında qeyd etmək istəyirəm. Faktiki olaraq Fransa Ermənistanı neokolonializmin bir alətinə çevirib. Əgər bu cür təsirlər olmasaydı, bəlkə də regionda son dövrlərdə baş verən proseslər başqa məcrada inkişaf edərdi. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti öz andiçmə mərasimində bir daha dəqiq mövqeyini ortaya qoydu. Əgər Ermənistan öz qanunvericiliyinə dəyişiklik etməsə, beynəlxalq hüquqa uyğun praqmatik mövqe tutmasa, sülh müqaviləsinin imzalanması təxirə salına bilər. Bunun üçün Azərbaycan əlindən gələni edir. Bu müqavilənin bağlanması üçün yeganə hüquqi platforma beynəlxalq hüququn hamılıqla tanınan beş prinsipidir. Bu cür müqavilə yalnız həmin prinsiplər əsasında bağlana bilər”.

    Türkiyəli tarixçi Mehmet Perinçek çıxışında Fransa, ABŞ kimi dövlətlərin müstəmləkə siyasətinin ötən əsrdə qalmadığını, bu gün də eyni şəkildə müxtəlif yollarla davam etdiyini söyləyib: “Xüsusilə Fransa və Birləşmiş Ştatlar Afrikada neokolonializim siyasətini davam etdirməyə çalışırlar. Buna baxmayaraq, bu siyasət çox ciddi uğursuzluğa uğradı. Malidə, Nigerdə, Burkino-Fasoda və Afrikanın başqa ölkələrində Fransanın sömürgə siyasəti iflas etdi. Onların hərbi bazaları bu ölkələrdən çıxardılır, iqtisadi bağlantıları dayandırılır. Onların sömürgə siyasəti sadəcə Afrikada yox, Cənubi Qafqazda, Yaxın Şərqdə də var. Bu ölkələr Türkiyəni, Azərbaycanı, İraqı, Suriyanı, hətta Rusiyanı da ələ keçirmək və parçalamaq istəyirlər. Amma Azərbaycanın İkinci Qarabağ müharibəsində tam qələbə qazanması əslində Fransa və Amerikanın müstəmləkəçi siyasətini məğlub etdi. Bu qələbə bölgədə çox böyük imkan yaratdı ki, regionda sülh və sabitlik olsun. Amma buna baxmayaraq, Fransa və ABŞ Cənubi Qafqaz siyasətindən əl çəkməyiblər. Ermənistanı Azərbaycana, Türkiyəyə və Rusiyaya qarşı istifadə etmək istəyirlər. Misal üçün, son gündə təmas xəttində yaşanan gərginlik də buna nümunədir. Bir sözlə, Cənubi Qafqazda sülh, Fransa və ABŞ-nin bu regionda təsir gücünü itirməsi deməkdir”.

    Qvineya Respublikasının nümayəndəsi Suro Milimuno isə ölkəsinin uzun illər Fransanın müstəmləkəsindən əziyyət çəkdiyini qeyd edib: "1958-ci ildə müstəmləkədən azad olan Qvineya xalqı demokratik inkişaf yoluna qədəm qoysa da, hələ də iqtisadiyyat, maliyyə və bir çox mühüm sahələr Fransanın gizli nəzarəti altındadır. Biz müstəmləkəçilikdən azad olsaq da, Fransanın caynaqlarından qurtara bilmirik. Fransa Qvineya iqtisadiyyatını öz məngənəsində saxlayır”.

    Konqo Respublikasının nümayəndəsi Nyanqa Qakosso ölkəsinin Fransanın əsarəti altında olduğu dövrdə Parisin bütün təbii sərvətləri taladığını vurğulayıb: "Biz o zamanlar öz regionumuzun mərkəzi hesab edilirdik, Mərkəzi Afrika regionunun paytaxtı hesab edilirdik. Lakin biz kolonial siyasətdən canımızı qurtara bilsək də, Fransa hələ də bizim ölkəmizi talan edir, hər şeyimizi oğurlayır və bu səbəbdəndir ki, bizdə iqtisadi çətinliklər var, maaşlar azdır. Biz hazırda da bununla mübarizə aparırıq və çalışırıq ki, bizim olanı qoruya bilək".







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR