AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır

  • + A
  • - A
  • 21-02-2024, 12:44

    Əldə edilmiş bütün nailiyyətlərin  mənbəyi Azərbaycan xalqıdır

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 14 fevral tarixində Milli Məclisdə andiçmə mərasimindəki nitqində xüsusi olaraq vurğulamışdır ki, “bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”. Bunun bariz nümunəsi olaraq Azərbaycan xalqının bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızı düşməndən azad etməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsini fərəh hissi ilə qeyd etmək olar.
    Ölkəmiz artıq tarixə qovuşan münaqişənin dinc diplomatik yollarla, danışıqlar vasitəsi ilə həll etməyə çalışsa da, beynəlxalq səviyyədə problemin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsinə lazımi dəstək göstərilmədi. Buna misal olaraq, ATƏT-in Minsk qrupu tərəfindən heç bir əməli fəaliyyət nümayiş etdirilməməsini qeyd etmək olar. Minsk qrupu münaqişənin hərbi vasitələrlə həlli yolunun olmaması barədə bəyanatlarla kifayətlənərək, Azərbaycanın milli maraqlarına cavab verməyən status kvonun saxlanmasına çalışırdı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Hətta Azərbaycan Ordusu əks-hücum əməliyyatları apararkən Minsk qrupunun həmsədrləri dəfələrlə münaqişənin həlli üçün qarşılıqlı kompromislərin qaçılmaz olduğunu bildirirdilər. Ancaq ölkəmizin taleyüklü məsələsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi ondan ibarət idi ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ölkə Başçısı birmənalı olaraq qeyd etmişdir ki, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.Təəssüf ki, bizim çağırışlarımız və xəbərdarlıqlarımız cavabsız qaldı və yaranmış şəraitdə qəhrəman Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək döyüş meydanında göstərdi ki, xalqımız nəyə qadirdır. Cəmi 44 gün ərzində düşmən ordusu tamamilə darmadağın edildi və 10 noyabr 2020-ci ildə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi.
    Artıq Azərbaycanın inkişafında yeni dövr başlamışdır və xalqımız gələcəyə böyük inam və fəxarət hissi ilə baxır. Bizi yaxın illərdə böyük uğurlar gözləyir!



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR