AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır”

  • + A
  • - A
  • 12-03-2024, 22:22

    “Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır”

    Ülvi Quliyev
    Millət Vəkili


    Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələrin əsası 1992-ci il avqustun 30-da qoyulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. Belə ki, 2008-ci ilin sentyabrında ölkəmizin Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.

    Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.
    Xüsusilə qeyd etməliyəm ki, Azərbaycan və Qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir.
    Həmçinin ölkələrimiz arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Bundan əlavə, iki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, ələxsus Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində olduqca maraqlıdır. Heç təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etməkdə ölkəmizə göstərdiyi daimi dəstəyə görə, Qazaxıstanın rolu da öz yerində.


    Qeyd etmək yerinə düşərdi ki, ölkəmiz Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verir. Görüldüyü kimi son illər, Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu da öz növbəsində, təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.

    Bəli, ölkəmiz üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır, bu da münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə səfərdə olmuşdur. İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür. 12 mart tarixində keçmiş məcburi köçkün uşaqlarının təhsil alacağı, həmçinin dostluğumuzun və qardaşlığımızın mərkəzi olacaq mərkəzin açılış mərasimi də olub. Bu, Qazaxıstanın ölkəmizə qardaş köməyidir, bu, Qazaxıstanın Azərbaycana, azad edilmiş ərazilərimizin bərpasına dəstəyidir.

    Onu da vurğulamalıyam ki, dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004-cü il 1 mart, Astana), “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005-ci il 24 may, Bakı), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (2022-ci il 24 avqust, Bakı) xüsusi vurğulanmalıdır.

    Qeyd edim ki, Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR