Azərbaycanlı jurnalisti silahla hədələdilər – FOTOLAR
Ukraynanın paytaxtı Kiyevə ezam olunmuş “Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov mütəmadi naməlum şəxslər tərəfindən təqiblə və silahlı hədələrlə üzləşib.
Belə ki, noyabrın 20-də, yerli vaxtla saat 19:30-da Kiyevdə, “Şota Rustaveli” 4 ünvanında qaldığı yerə yaxın kafelərin birindən çıxarkən AA6164BI dövlət nömrə nişanlı, “Şkoda” markalı avtomobildən naməlum şəxslər tərəfindən nümayişkəranə formada izlənərək fotosunun çəkildiyini görən M.Aslanov avtomobilə yaxınlaşmaq istəyərkən ona tərəf silah tuşlanıb. Avtomobildə 2 kişi, 1 qadın olub. Jurnalist atəş açılmasından ehtiyat edərək kafe qapısında daldalanıb və bir müddət sonra avtomobilə yaxınlaşmaq istəyəndə yenidən fotosu çəkilib. Sonra avtomobil hadisə yerindən uzaqlaşıb. Jurnalist hadisə ilə bağlı Ukrayna polisinin “102” xidmətinə və Azərbaycanın Ukraynadakı səfirliyində Daxili İşlər Nazirliyinin nümayəndəsinə məlumat verib.
Buna baxmayaraq, jurnalist növbəti günlərdə də izlənməsini hiss edib və noyabrın 23-ü gecəyə doğru, yaşadığı yerə qayıdarkən “Bassseyn” küçəsi ilə “Şota Rustaveli” küçəsinin kəsişməsində yenə, – bu dəfə üz-üzə namlum şəxs tərəfindən qarşısı kəsilərək fotoları çəkilib. Naməlum şəxs ondan kim olması ilə bağlı suallara cavab verməyərək hadisə yerindən qaçaraq uzaqlaşıb.
Bu gün, noyabrın 26-sı səhər saat 10:00-da isə həmin əraziyə yaxın, “Espaladnaya” küçəsi 20 ünvanında səki ilə gedərkən yolunun üstündə dayanan “CİP” markalı avtomobilin qəflətən arxa qapısı açılıb, naməlum şəxs əlindəki avtomatı M.Aslanova tuşlayaraq barmağı ilə “sus!” işarəsi verib. Jurnalist ondan “Siz kimsiniz? Nə istəyirsiniz?” sualı verərək yaxınlaşan zaman şəxs qapını bağlayıb. M.Aslanov avtomobilə yaxınlaşaraq qapını açmaq istəyəndə kənarda hündürboy, eynəkli bir şəxs onun qolundan tutaraq “Sizə dedilər axı, susun!” deyərək onu kənara itələyib və həmin avtomobilə əyləşərək oradan uzaqlaşıb.
Bununla bağlı Azərbaycan diasporunun hüquqi və təşkilati dəstəyi ilə Kiyev şəhər “Peçerskiy” rayon polisinə müraciət olunub, Ukrayna Cinayət Məcəlləsinin 129-cu (Ölümlə hədələmə) maddəsi ilə “EO 57636” nömrəli cinayət işi qaldırılıb, həmin şəxslərin araşdırılması aparılır.
İlkin arşadırmalar ilə noyabrın 20-də jurnalisti təqib və təhdid edən “Şkoda” markalı avtomobilin həmin gün hərəkət istiqamətləri müəyyənləşdirilərək məlum olub ki, avtomobil bütün günü M.Aslanovu təqib edib, onun olduğu yerlərdə saatlarla jurnalisti gözləyib.
Qeyd edək ki, uzun illərdir Ukraynadakı diaspor fəaliyyətini və ölkənin ictimai-siyasi həyatını işıqlandıran M.Aslanov dəfələrlə bu ölkədə olsa da indiyə qədər belə bir hal ilə üzləşməyib. Jurnalist Ukraynada baş verən münaqişə zamanı da oradakı ictimai-siyasi vəziyyəti işıqlandırmaq üçün ezam olunmuş və peşə fəaliyyətinə heç bir maneə görməyib. Bu dəfə M.Aslanov Ukraynanın Ali Radasının (parlament) deputatları, Nazirlər Kabinetinin bir sıra nazirləri, ölkənin ictimai-siyasi xadimləri, deputatları və sair ilə Ukrayna və Azərbaycan arasında münasibətlərin inkişafını əks etdirən müsahibələr, yazılar hazırlamaq məqsədi ilə ezam olunub. (Report)