AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vərəm sənin bacın idi…” – Bələdiyyə sədrinin də qatıldığı kütləvi davanın təfərrüatları

  • + A
  • - A
  • 17-12-2018, 09:41

    Vərəm sənin bacın idi…” – Bələdiyyə sədrinin də qatıldığı kütləvi davanın təfərrüatları














    Bələdiyyə sədrinin və qohumlarının, keçmiş bələdiyyə sədri ilə kütləvi davalarının təfərrüatı məlum olub. Bələdiyyə sədri xuliqanlıqda ittiham edilərək, məhkəmənin qərarı ilə cəzalandırılıb.

    Musavat.com xəbər verir ki, kütləvi dava 2017-ci ilin may ayında baş verib. Tərəflər arasındakı məhkəmə çəkişməsi isə hələ də davam edir.

    Əvvəlcə kütləvi davaya səbəb olan hadisə haqda…
    Əfqan Bəşirov 2015-ci ildə İmamverdilər kənd bələdiyyəsinin sədri seçilib. Həmin vaxta kimi İmamverdilər bələdiyyəsinin sədri Rasim Əliyev olub. Bundan sonra Rasim Əliyev və bir qrup kənd sakini Əfqan Bəşirovun barəsində müxtəlif instansiyalara şikayət etməyə başlayıblar. Buna səbəb isə kəndlilərin torpağının zəbt edilməsi olub.

    Bu şikayətlərdən sonra 12 may 2017-ci il tarixdə Ədliyyə Nazirliyinin İmişli Regional idarəsinin rəisi Hakim Məmmədov şikayəti yerində araşdırmaq üçün kəndə gəlib.

    Bələdiyyə binasındakı görüşdə bələdiyyə sədri, narazı sakinlər və keçmiş sədr də olub. Keçmiş bələdiyyə sədri Rasim Əliyev Hakim Məmmədova araşdırmanı otaqda aparmamasını, əraziyə baxış keçirmək lazım olduğunu deyib.

    Yeni sədrdən narazı olan Rafiq Tağıyevin sözləri isə mübahisəyə səbəb olub. O, Hakim Məmmədova araşdırmanı onların iştirakı olmadan apardığını, Əfqan Bəşirovdan rüşvət alaraq onun xeyrinə qərar çıxardığını deyib. Hakim Məmmədov isə heç kimdən rüşvət almadığını söyləyib.

    Sabiq bələdiyyə sədri Rasim Əliyev isə Hakim Məmmədova “sən gəlib bu dəlixanada, vərəmxanada nə oturmusan? Əraziyə bax” deyib. Bu sözə isə sədr Əfqan Bəşirov müdaxilə edib və Rasim Əliyevə “burada nə dəli, nə də vərəm xəstəsi yoxdu, vərəm xəstəsi sənin bacın idi, ona da mən kömək etdim, sağaldı” deyib.

    Bundan sonra Rasim Əliyev və Əfqan Bəşirov bir-birinin ünvanına söyüşlər söyüblər. Digər şəxslərin iştirakı ilə kütləvi dava baş verib.

    Dava barədə Beyləqan rayon İcra hakimiyyətinin şöbə müdiri İlqar Quliyevə məlumat verilib. İlqar Quliyev isə bu barədə Beyləqan rayon polis şöbəsinə məlumat verib və hadisə yerinə polis əməkdaşları gəlib.

    Davaya görə cəzalandırılanlar…
    Araşdırmalar zamanı kütləvi davada zərərçəkənlərin, döyülənlərin sabiq bələdiyyə sədri və adamları olduğu müəyyən edilib.

    İş üzrə zərərçəkmiş şəxslər kimi keçmiş bələdiyyə sədri Rasim Əliyev və onun yaxınları Yolçu Əliyev, Əsgərxan Tağıyev, Ədalət Əliyev, Vüqar Əliyev, Asim Əliyev və Rafiq Tağıyev tanınıb.

    Bələdiyyə sədri Əfqan Bəşirov və qohumları Mübariz Abdullayev, Bəhruz Abdullayev, sürücüsü İkrəm Tağıyev və qardaşı Anar Bəşirov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər.

    Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək hakim qarşısına çıxarılıblar. Adları çəkilən şəxslər məhkum ediliblər.

    Beyləqan Rayon Məhkəməsinin hökmü ilə bələdiyyə sədri Əfqan Bəşirov və Mübariz Abdullayev qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına, İkrəm Tağıyev, Anar Bəşirov və Bəhruz Abdullayev isə qazanclarının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum ediliblər.

    Bu hökmdən hər iki tərəf narazı qalıb. Hökmün dəyişdirilməsi üçün tərəflər Şirvan Apellyasiya Məhkəməsinə üz tutublar.

    Zərərçəkmişlər şikayətlərində göstəriblər ki, məhkəmənin qəbul etdiyi qərar obyektiv olmayıb və təqsirləndirilən şəxslərə yüngül cəza verilib. Onlar təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə cəzası verilməsini istəyiblər.

    Təqsirləndirilən şəxslər isə bələdiyyə sədri Əfqan Bəşirovun barəsində bəraət hökmünün çıxarılmasını, digər şəxslərin isə cəzalarının yüngülləşdirilməsini istəyiblər.

    Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Əfqan Bəşirov deyib ki, keçmiş bələdiyyə sədri və qohumu Ədalət Əliyev onun barəsində müxtəlif ünvanlara əsassız şikayət ərizələri yazıblar.

    Onun sözlərinə görə, 12 may 2018-ci ildə həmin şikayətlərlə bağlı araşdırma aparılan zaman Rasim Əliyev onun sinəsindən vurub. Daha sonra isə təpiklə bələdiyyənin sürücüsü İkrəm Tağıyevi vurub. Bundan sonra tərəflər arasında qarşılıqlı dava olub.

    O, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etsə də, bunun nəticə vermədiyini deyib. Bələdiyyə sədri söyləyib ki, yalnız onunla qərəzli münasibətdə olan şahidlər onun kimi isə vurmasını göstəriblər. Ona görə də hökmün ona aid hissəsinin ləğv edilməsini və ona bəraət verilməsini xahiş edib.

    Məhkəmə tərəfləri dinlədikdən sonra şikayətlərin təmin edilməməsi ilə bağlı qərar qəbul edib. Hakim birinci instansiya məhkəməsinin ədalətli qərar çıxardığını elan edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR