Gənc idmançı Nurlanə Əhmədovanın ölümü ətrafında müəmma
Kapoeyra üzrə Azərbaycan milli komandasının üzvü, gənc idmançı Nurlanə Əhmədova bir neçə gün öncə faciəvi şəkildə vəfat edib. Mətbuatda yayılmış məlumata görə, idmançı məşq zamanı zalda yıxılıb və aldığı zədədən ölüb. Bəzi şəxslər isə idmançının intihar etdiyini iddia edirlər.
Məsələni dəqiqləşdirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı kapoeyra üzrə milli komandanın baş məşqçisi Elgiz Əlizadə ilə əlaqə saxlayıb. O bildirib ki, bəzi mətbuat nümayəndələri məsələni dəqiqləşdirmədən səhv məlumat yayır.
“Nurlanə Əhmədova bizim sevimli tələbəmiz idi, çox istedadlı gənc idi. Onu itirməyimizə çox təəssüflənirik. Amma hadisənin necə və hansı səbəbdən baş verdiyini bilmirik”, – deyə Əlizadə vurğulayıb.
“Mətbuatda yazılır ki, hadisə məşq zamanı baş verib. Hətta Nurlanənin şəxsi məşqçisi Oxçu Şahmuradov ilə danışan zaman mənə dedi ki, idmançı iki ay idi ayağını sındırdığı üçün məşqlərə qatılmırdı. Hadisədən bir gün öncə ayağının sarğısı açılıb. Həm də zalda elə bir yer yoxdur ki, idmançı oradan yıxılsın və dünyasını dəyişsin. Ayrıca, hadisə gecə 03:00 radələrində baş verib, o saatlarda məşq olmur axı”, – o, əlavə edib.
Baş məşqçinin sözlərinə görə, hadisə Əhmədovanın yaşadığı evdə baş verib: “Yaxınları deyiblər ki, o, hündürlükdən yıxılaraq dünyasını dəyişib. Bizdə isə bu barədə heç bir məlumat yoxdur. Odur ki, ölüm səbəbi haqqında dəqiq heç nə deyə bilmərəm”.
Qeyd edək ki, “Storm Capoeira Klubu”nun ən güclü idmançılarından olan Nurlanə Əhmədova 2019-cu ilin yanvar ayında “İlin ən texnikalı tələbəsi” seçilib, 2018-ci ilin fevral ayında isə 16+ yaş qrupu üzrə “12-ci Respublika çempionatı”nın qalibi olub.