AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məktəbdə bulinq faciəyə çevrildi: Şagirdin 3-cü mərtəbədən özünü atması iddiaları obyektiv araşdırılmalıdır

  • + A
  • - A
  • Bu gün, 11:17

    Məktəbdə bulinq faciəyə çevrildi: Şagirdin 3-cü mərtəbədən özünü atması iddiaları obyektiv araşdırılmalıdır


    Babək rayonunda baş verdiyi bildirilən hadisə məktəblərdə psixoloji zorakılıq və bulinq problemini yenidən gündəmə gətirib. İddialara görə, Babək rayon 2 nömrəli tam orta məktəbin şagirdi X. Əliyeva sinif yoldaşlarının qarşısında təhqir olunduqdan sonra özünü məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edib.

    Məktəblinin atası Səfa Əliyevin Gündəlik Naxçıvana verdiyi məlumata görə, hadisə məktəbdə şagirdlərin çantalarında kosmetik vasitələrin olub-olmamasına dair aparılan yoxlamadan sonra baş verib. O iddia edir ki, qızı sinif yoldaşlarının qarşısında alçaldılıb, ağır ifadələrlə təhqir edilib və polis tərəfindən şəklinin çəkilərək "şöbəyə vurulacağı" deyilib. Ata hesab edir ki, bu davranış yeniyetməyə qarşı ciddi psixoloji təzyiq yaradıb.

    İddialara əsasən, şagird özünü pis hiss etdiyini bildirsə də, məktəbi tərk etməsinə icazə verilməyib. Daha sonra o, məktəbin üçüncü mərtəbəsinə qalxaraq uzun müddət tək qalıb və sonda özünü aşağı atıb. Hadisə nəticəsində məktəbli ağır bədən xəsarətləri alıb, çoxsaylı sınıqlar və onurğa zədəsi ilə əməliyyat olunub. Ailənin sözlərinə görə, o, hələ də həm fiziki, həm də psixoloji travmanın təsirlərindən əziyyət çəkir.

    Bu hadisə bir daha göstərir ki, məktəbdə uşağın ləyaqətini alçaldan, onu sinif yoldaşlarının qarşısında rüsvay edən hər hansı davranış bulinq və psixoloji zorakılıq kimi qiymətləndirilə bilər. Belə halların qarşısının alınması məktəb rəhbərliyinin, müəllimlərin və aidiyyəti dövlət qurumlarının əsas vəzifələrindən biridir.

    Səfa Əliyev hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini, lakin araşdırmanın dayandırıldığını bildirərək işin yenidən, obyektiv və hərtərəfli araşdırılmasını tələb edir. O, qızına qarşı təhqir və psixoloji təzyiq göstərildiyini iddia etdiyi şəxslərin məsuliyyətə cəlb olunmasını istəyir.

    Qeyd edək ki, bu məlumatlar məktəblinin atasının iddialarına əsaslanır.
    Mövzuya qayıdacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR