Görüşə çağırdığı izləyicisini döyən və bunu lentə alaraq yutub kanalında paylaşan “Zevs” kimi tanınan yutuber Ruslan Quliyev saxlanılıb.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev AzadMedia.az a açıqlamasında bildirib ki, Bakı şəhər sakini olan Ruslan Quliyev müəyyən edilərək saxlanılıb:
"Onun barəsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Məhkəmədə onun xırda xuliqanlıq əməli törətdiyi sübuta yetirilib. Məhkəmənin qərarı ilə Ruslan Quliyev 30 sutka inzibati qaydada həbs edilib".
Qeyd edək ki, yutuber Ruslan Quliyevin yarım milyondan çox izləyicisi olan yutub kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda “Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşərək onunla söhbət edib, ondan nəyə görə xoşu gəlmədiyini soruşub. Daha sonra söhbət əsnasında “Zevs” masanın üzərində dəmir qabda olan enerji içkisini izləyicisinin başına çırpıb. Ruslan sonradan videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.