AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millimizin sabiq baş məşqçisi “od püskürdü”: “İdmançılara “qa” deyiblər “qa”, “qu” deyiblər “qu” veriblər”

  • + A
  • - A
  • 29-07-2021, 19:09



    “Komandanın bu cür zəif çıxış etməsindən belə görünür ki, hazırlıq zamanı nəsə problem olub. Amma federasiya tərəfindən “qa” deyiblər “qa”, “qu” deyiblər “qu” veriblər. Bütün təlim-məşq toplanışlarında iştirak ediblər. Heç bir cüdoçunun zəif məşq keçməsi barədə danışmağa haqqı da yoxdur. Burada baş məşqçinin, məşqçilər heyətinin səhvləri var”.

    Bunu Azərbaycan Cüdo Federasiyasının Yarışların Təşkili və Keçirilməsi Komitəsinin sədri, Ağsaqqallar Şurasının rəhbəri Ağayar Axundzadə deyib.

    Kişilərdən ibarət cüdo millimizin sabiq məşqçisi Tokio Yay Olimpiya Oyunlarında idmançılarımızın zəif çıxışından danışıb. O, Rüstəm Orucov istisna, digər cüdoçularımızın zəif çıxış etdiyini bildirib:

    “Rüstəm Orucovun medal qazanacağını gözləyirdik. Ancaq Şohey Ono ilə bir səbətə düşməsi ilə bəxti gətirmədi. Yapon idmançıya həmişə uduzub. Ononun reytinqdə 13-cü olması Rüstəmlə bir səbətə düşməsinə səbəb oldu. Məsələn, reytinqdə 1-ci olan digər yaponiyalı cüdoçu Soiçi Haşimoto Olimpiadada çıxış etsəydi, başqa səbətə düşəcəkdi.

    Bu cüdoçuların əvvəlki çıxışları göstərir ki, hamısının medal qazanmaq şansı vardı. Ancaq niyə belə zəif çıxış etdilər – özümə də çox qəribə gəldi. Adamın ürəyi yanır. Baxırsan ki, gürcülər gənclərlə cüdoda üç final keçirdilər, bir qızıl qazandılar. Niyə bizimkilər olmasın?!

    Kimsə deyə bilər ki, bizim uşaqlar güləşmək istəmir, "qudurublar". Amma bu, düzgün söhbət deyil. Kim istəməz ki, qalib gəlib 5-10 manat mükafat qazanmasın, sosial vəziyyətini düzəltməsin. Hamısı istəyir. Amma uşaqlarda elə bil həvəs, döyüşkənlik yoxdur.

    Dostlarımız bizə yazır ki, noldu, niyə bizimkilər belə çıxış edir? Adam söz tapmır deməyə. Pandemiya vaxtı bütün təlim-məşq toplanışlarına aparılıblar. Onlar sponsorumuz SOCAR, federasiya tərəfindən hər şeylə təmin olunublar. Hamısı da təcrübəli idmançılardır. Vallah, deməyə söz tapmıram”.

    O, baş məşqçi Ruslan Maşurenkonun komandadan göndərilməsinin tərəfdarı olduğunu bildirib:

    “Bizim də xəmirimiz cüdo ilə yoğrulub. İstərdik ki, biz də Olimpiadada medal qazanıb tanınaq. Ən çox lisenziyanı da biz qazanmışdıq. Amma nəticə yoxdur. Kiçik bir ölkə olan Kosovo cüdoda artıq iki qızıl medal qazanıb.

    Sabah da medal olmasa, məşqçilər heyətində dəyişikliyin olması labüddür. Baş məşqçiyə buna görə “çox sağ ol” deyəsi deyilik ki. Olimpiadada medal qazananda nə Peter Zayzenbaxer, nə də Ruslan Maşurenko var idi. Fərhad Məmmədov, Mövlud Mirəliyev kimi yığma komandada özümüzün yaxşı məşqçiləri olub”.

    Qeyd edək ki, indiyədək yeddi cüdoçumuz (altı kişi və bir qadın) Tokioda tatamiyə çıxsa da, medal qazana bilməyib. Sabah ən ağır çəkilərdə Azərbaycanın son iki cüdoçusu – Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya (+78 kq) çıxış edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR