Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirinin birinci gününə yekun vurulub.
Turnirin mətbuat xidməti xəbər verir ki, turnirin ilk üç günündə 10 şahmatçı rapid turnirində gücünü sınayacaq.
Birinci oyun günündə 3 turun oyunları keçirilib. İlk turda Azərbaycan təmsilçilərindən Rauf Məmmədov qalib gəlib. O, komanda yoldaşı Abdulla Qədimbəylidən üstün olub. Şəhriyar Məmmədyarov çinli Van Hao ilə heç-heçə edib. Abdulla Süleymanlı isə ABŞ təmsilçisi Semuel Şenklendə uduzub. Hindistanlı Qukeş Dommaracu Rumıniya idmançısı Riçard Rapporta, Özbəkistan zəka sahibi Nodirbek Abdusattorov isə ispaniyalı Valeho Ponsa qalib gəlib.
İkinci turda R.Məmmədov Q.Dommaracuya, V.Pons R.Rapporta, N.Abdusattorov A.Süleymanlıya, V.Hao isə A.Qədimbəyliyə qalib gəlib. Ş.Məmmədyarov isə S.Şenklendlə heç-heçə edib.
Günün sonuncu turunda R.Məmmədov V.Hao, A.Qədimbəyli isə S.Şenklendlə sülhə razılaşıb. A.Sülymanlı R.Rapporta, Ş.Məmmədyarov N.Abdusattorova, Q.Dommaracu isə V.Ponsa məğlub olub.
Hesabında 6 xal olan N.Abdusattorov turnir cədvəlinə liderlik edir. R.Məmmədov 5 xalla ikincidir. S.Şemklend, V.Pons və V.Hao 4 xalla 3-5-ci, R.Rapport, Ş.Məmmədyarov və Q.Dommaracu 2 xalla 6-8-ci yerləri bölüşürlər. A.Qədimbəyli 1 xalla doqquzuncu, xal qazana bilməyən A.Süleymanlı isə sonuncudur.
Dekabrın 19-da növbəti 3 turun oyunları keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.