Yeniyetmə və uşaq badmintonçularımız Serbiyanın Novi Sad şəhərində keçirilən "Youth International" turnirində 1 gümüş və 2 bürünc medal qazanıblar.
Həbibə Quliyeva-Emma Karatanova (Ukrayna) tandemi 11 yaşadək qızların qoşa yarışında turnirin finalına kimi irəliləməyi bacarıb.
İlk görüşdə Kipr təmsilçilərinə hər 2 setdə qalib gələn Həbibə Quliyeva-Emma Karatanova cütü növbəti mərhələdə 3 setin yekununda serb rəqiblərini mübarizədən kənarlaşdıraraq finala yüksəlməklə gümüş medalı təmin edib. Burada Bolqarıstan badmintonçuları ilə qarşılaşan təmsilçimiz gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə rəqiblərinə ümumi hesabda 1:2 uduzub.
Digər badmintonçumuz Əli Gözəlov isə 15 yaşadək oğlanların qoşa yarışında bürünc medal qazanmağı bacarıb. Əli israilli Yahav Sade ilə birgə bu kateqoriyada "Youth International" turnirinin yarımfinalına kimi irəliləməyi bacarıb. Xorvat və serb badmintonçularına qalib gələn Əli Gözəlov-Yahav Sade qoşası finala yüksəlmək uğrunda keçirilən və 3 set davam edən görüşdə Rumıniya təmsilçilərinə uduzub.
Daha bir medalı qarışıq qoşa kateqoriyasında hesabimıza yazdırmışıq. 15 yaşadək badmintonçuların bu kateqoriya üzrə yarışında Aysu Kərimzadə-Yahav Sade qoşası yarımfinala gedən yolda bolqar, macar və yunan-fransız cütünü mübarizədən kənarlaşdıraraq ən güclü 4-lüyə yüksəlib. Bu mərhələdə Almaniya təmsilçiləri qarşılaşan Aysu Kərimzadə-Yahav Sade tandemi rəqiblərinə ümumi hesabda 1:2 uduzaraq yarışın bürünc mükafatçısı olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.