AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"UROLOGİYADA MÜALİCƏSİ OLMAYAN ONKOLOJİ XƏSTƏLİK YOXDUR”

  • + A
  • - A
  • 28-03-2022, 11:43

    "UROLOGİYADA MÜALİCƏSİ OLMAYAN ONKOLOJİ XƏSTƏLİK YOXDUR”

    Vasif İsmayıl: Müntəzəm müalicələr bezdirici ola bilər, amma ölümün qarşısını almağa kömək edir

    Tibbin mühüm sahələrindən biri də sidik-cinsiyyət sistemi xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikası ilə məşğul olan urologiyadır. Böyrəklər, sidik kanalı, sidik kisəsi, sidik axarları və cinsiyyət orqanları xəstəliklərini əhatə edən tibbin bu sahəsi həmişə aktual olub və indi də aktualdır. Daha geniş yayılan uroloji problemlər və bu problemlərin aradan qaldırılması yolları barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasının uroloq-cərrahı Vasif İsmayıl açıqlama verib.

    Onun sözlərinə görə, ən çox uroloji əməliyyatların prostat üzərində aparılmasına baxmayaraq, Azərbaycanda böyrək və sidik yolları daşları xəstəlikləri hər zaman aktual olaraq qalır. Böyrək daşlarının yüksək texnoloji vasitələrlə, qapalı metodlarla əməliyyatı imkanlarının Azərbaycanın hər yerində hələ tam formalaşmadığını bildirən uroloq-cərrah qeyd edib ki, daha çətin, yüksək texnoloji əməliyyatlar Tədris Cərrahiyyə Klinikasında uğurla icra olunur: “Klinikamızın əməliyyat portfeli digər klinikalarda olan əməliyyat portfelindən bir az fərqlidir. Ölkəmizdə böyrək və sidik yolları daşları xəstəliklərinə daha çox rast gəlinməsi isə ilk növbədə yaşadığımız coğrafiya ilə bağlıdır. Burada ilin çox hissəsi isti keçdiyindən, insanlar çox tərləyərək maye itirirlər. Amma bu itkini doldurmaq üçün kifayət qədər maye qəbul etmirlər. Ona görə də insanlarımızda sidik yolları daşları çoxdur”.
    Urologiya sahəsində onkoloji xəstəliklərin də çoxaldığını vurğulayan V.İsmayıl bildirib ki, əslində bu artım daha çox reallığı deyil, diaqnostika imkanlarının genişləndirilməsi ilə ortaya çıxan nəticəni əks etdirir: “Eyni zamanda vətəndaşlarımız da bu məsələdə bir az diqqətli olmağa başlayıblar. Müayinələrə erkən gəlirlər. Amma həqiqi artım da var və bunun səbəbi ətraf mühitlə, həyat tərzimizlə əlaqədardır. Təbiətin çirklənməsi, şəhər mühiti də xərçəng xəstəliyinin əmələ gəlməsinə münbit şərait yaradır. Həmçinin zərərli qida alışqanlığımız onkoloji xəstəliklərin artmasına təsir göstərən faktordur. Sanki tərəvəzdən, meyvədən uzaqlaşmışıq. Bundan əlavə, pandemiya ilə bağlı dəyişikliklər, Vətən müharibəsindəki stres, gərginlik də xərçəng xəstələrinin sayının artmasına gətirib çıxaran amillərdir. Son vaxtlar cinsi zəiflik də artmağa başlayıb ki, buna streslə yanaşı, sosial şəbəkələrin də təsiri çox güclüdür. Bir sözlə, bu gün urologiyada sidik yolları daşı, uroloji şiş xəstəlikləri və cinsi zəiflik ən ciddi problemlərdir”.

    Son vaxtlar böyrək, sidik kisəsi, prostat və xaya xərçənginə daha çox rast gəlindiyini söyləyən uroloq bildirib ki, əgər vaxtında aşkarlanarsa, urologiyada müalicəsi olmayan onkoloji xəstəlik yoxdur. O bu xəstəliklərdən qorunmaq üçün ildə bir dəfə ultrasəs müayinəsindən keçməyin, o cümlədən həkimin qoyduğu qadağalara ciddi riayət etməyin vacibliyini diqqətə çatdırıb: “Müntəzəm müalicələrə gəlmək bir az bezdiricidir, çətindir, amma xəstənin sidik kisəsi, eləcə də prostat xərçəngindən ölməsinin qarşısını almaq mümkündür. Bizim prostat xərçəngindən tamamilə sağaltdığımız xəstələr çoxdur. Amma xəstə gecikibsə, şiş metastas veribsə, daha uzun, daha bahalı müalicə tələb olunur”.

    V.İsmayıl onkoloji xəstəliklərin kişilər arasında daha çox yayıldığını vurğulayıb. Xatırladıb ki, mədə, qida borusu, yoğun bağırsaq, sidik kisəsi, böyrək xərçəngi kişilərdə qadınlardan bir neçə dəfə çox müşahidə olunur. Sonsuzluğu isə bir cütlüyün xəstəliyi, ailənin problemi kimi səciyyələndirən uroloq, dünyada sonsuzluğa görə aparılan bütün müalicələrin Azərbaycanda da aparıldığını söyləyib.

    ATU-nun urologiya kafedrası və Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsində xəstələrə ən yüksək səviyyədə xidmət göstərildiyini diqqətə çatdıran cərrah bildirib ki, dünyada aparılan ən çətin əməliyyatların əksəriyyəti burada da peşəkar cərrahlar tərəfindən icra edilir. O yalnız robot texnologiyasının Azərbaycanda kifayət qədər inkişaf etmədiyini, bunun maliyyə cəhətdən də effektiv olmadığını deyib: “Amma laporoskopik, endoskopik və açıq əməliyyatlar şöbəmizdə müasir dünya səviyyəsində aparılır. Əməliyyatları birinci növbədə qapalı etməyə çalışırıq. Çünki bu zaman optik böyütmədən istifadə edərək, əməliyyat sahəsini hətta 10 dəfə böyüdə bilirik. Bu da o deməkdir ki, daha yaxşı görür, daha rahat işləyirik. Bəzən qapalı metodlar özünü doğrultmur və ya çox baha başa gəlir. Məsələn, sidik kisəsi xərçənginə görə sidik kisəsinin robotla çıxarılması əməliyyatının xərci 25-30 min dollardır. Ona görə də açıq əməliyyatlara üstünlük veririk. Ümumi götürsək, etdiyimiz əməliyyatların 80 faizi qapalı, 20 faizi isə açıq əməliyyatlardır. Prostat xərçəngini də açıq əməliyyat edirik, çünki qapalı əməliyyatı çox bahadır. Halbuki, dünyada laporoskopik və robotla əməliyyat olunur”.
    Tibbin digər sahələrində xəstəliklərin cavanlaşdığını deyən həkim, uroloji tərəfdən vəziyyətin bir az fərqli olduğunu, yəni xəstəliyin yaşla sinxron getdiyini vurğulayıb. İnsanları sağlam həyat tərzi keçirməyə çağıran mütəxəssisin fikrincə, xoşbəxt olmağın ilkin şərti sağlamlıqdır. Ona görə həyatın dadını çıxarmağa çalışanda da, əylənəndə hər kəsə ilk növbədə sağlamlığının qayğısına qalmalıdır: “Bədbin fikirləri özünüzdən uzaqlaşdırın. Hansısa bir hadisə sizin hərəkətinizdən asılı deyilsə, onunçün dərd çəkməyə dəyməz. Diqqətinizi özünüzə, sevdiklərinizə yönləndirin. Qarşılıqlı xoş söz demək yaxınlarınızı da, özünüzü də xoşbəxt edəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR