”Əhməd haradadır?” 1963-cü ilin filmidir. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Sabit Rəhmanın ssenarisi əsasında Adil İsgəndərov ekranlaşdırıb. Kinoda rejissor kimi Adil İsgəndərovun ilk işidir.
1944-cü ildə “Fətəli xan” filmini çəkməyə başlamışdı, amma hansısa səbəblərdən yarımçıq qalmışdı.
Adil İsgəndərovun birinci kursu bütünlüklə filmə dəvət olunub. Amaliya Pənahova, Əbdül Mahmudov, Novruz Axundov, Fikrət Əliyev, Elxan Qasımov, Ramiz Muradov və sair.
Film Hacıkənddə, Ağdaşda, Göygöldə çəkilib. Nar yığımı səhnəsi Ağdaşda, Sürücü Əhmədin maşınını Nərgiz xalanın qaçırdığı səhnə Hacıkənd yolunda lentə alınıb.
Əhməd roluna namizəd çox axtarılmayıb. Səyavuş Şəfiyev sirk artisti idi və elə ilk sınaqdan Adil İsgəndərov onun üzərində dayandı.
Dostları “uzundraz Oqtay”la, “saqqal Ramiz”in axtarışları üçünsə yaradıcı heyət üz tutub İncəsənət İnstitutuna. Demək olar ki, sözügedən bir kursun bütün tələbələri Oqtayla Ramiz roluna sınaq çəkilişlərində olublar. Nəhayət, Səyavuş Aslanla Novruz Axundov seçilirlər.
Leyla roluna isə “Qızmar günəş altında” filminə çəkilmiş fortepiano müəlliməsi Töhfə Əzimovanın namizədliyi veriləndə məlum olub ki, onun həyat yoldaşı Kinostudiyada rəssamdır və artıq ailə qurandan sonra kinoya çəkilmir.
Adil İsgəndərov rəssamı çağırıb xahiş edir ki, xanımını sınaq çəkilişinə gətirsin. Töhfə Əzimova bu rola sınaq çəkilişindən keçəndən sonra rəssam Adil İsgəndərova sadəcə yox deyə bilməyib.
Film həm də “şofer Əhməd” rolunun ifaçısı Elxan Qasımovun kinoda ilk işidir. Hərçənd operator bu rola milliyyətcə yəhudi aktyor İqor Kvaşanı təklif edib, amma Adil İsgəndərov razılaşmayıb. Adil İsgəndərovun kursundan olan Elxan Qasımovu operator çəkmək fikrində olmayıb. Yəhudi operatorun xanımı “Elxan Qasımovun dodaqları çox qalındır, o rola yaramır” - deyib. Operator da bunu rejissora pıçıldayıb. Adil İsgəndərov – “qada, Elxan Qasımovu sənin arvadın üçün seçmirik e, rola seçirik” - deyib.
Filmin dekorasiyası kinostudiyanın pavilyonunda qurulub. Əliağa Ağayevin çəkildiyi kassa səhnəsi tamamilə kartondan qurulmuş dekorasiyadır. Aktyorun yediyi yemək isə dekorasiya deyil, qoyun içalatının qızartmasıdır. Səhnə çəkilib bitincəyə qədər hamısını özü həzm-rabitədən keçirib.
Filmi Moskva senzurası əvvəlcə qəbul edilməyib, deyiblər ki, komediya kimi zəif alınıb. Bu səbəbdən çox az tirajla ekranlara buraxılıb. Tezliklə Türkmənistan, Özbəkistan, Rusiyanın müxtəlif şəhərlərindən Moskvaya bu filmi göndərmək üçün sifarişlər gəlib. Beləliklə, film SSRİ-də ən çox nümayiş olunan filmlərdən biri olub. (Aydın Kazımzadə, "Kinosalnamə" verilişi, 09.11.2013)
87 dəqiqəlik filmin bəstəkarı Rauf Hacıyevdir. Filmi səsləndirənlərin də əməyi az deyil. Hər obrazın özünə uyğun səsin tapılması az iş deyil. Yusif Vəliyev Şirin rolunda Məmmədrza Şeyxzamanovu səsləndirib. Həsənağa Turabov Əhməd - Səyavuş Şəfiyevi. Müxlis Cənizadə Sürücü Əhməd - Elxan Qasımovu. Sofa Bəsirzadə Ofeliyanı. Hökumə Qurbanova Leyla rolunda Töhfə Əzimovanı səsləndirib.
Filmə bu linkdə baxmaq olar:
https://youtu.be/-Y1JmAZeUMA?si=3fRrBD46wbsmP3XR