Azərbaycanlı iş adamı Mübariz Mənsimov bir müddət öncə səhhətində yaranmış ciddi problemlə əlaqədar Türkiyəyə aparılan Xalq artisti Yalçın Rzazadə ilə görüşüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, biznesmen sosial şəbəkə hesabında İstanbulda sənətkarla baş tutan görüşündən fotolarını paylaşıb.
“Uşaqlıq illərindən gördüyün, izlədiyin insanların əbədi olaraq yaşamasını istəyir insan oğlu. Sanki onlara bir şey olarsa, sehr pozulacaq, şirin röyadan ayılacaqsanmış kimi gəlir... Yalçın Rzazadə də bizim üçün heç vaxt itirmək istəmədiyimiz dəyərlərdəndir...
Dəyərli sənətkarım, xalq artisti Yalçın bəy, Allah sizə can sağlığı versin.
Dəyərli qonağım, uşaqlığımın ən gözəl mahnılarının ifaçısı... Sizi ayaqda görmək məni çox sevindirdi.
Çox sevinirəm ki, sizin sağlamlığınızla bağlı probleminizə dərhal reaksiya verildi və bu gün siz burda ən yaxşı həkimlərin nəzarətindəsiniz”, - deyə M. Mənsimov qeyd edib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Yalçın Rzazadə Türkiyədə fondun dəstəyi ilə tam müayinə və müalicə kursu keçir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.