Amerika, Nyu York, Metropoliten muzeyi. Bu muzey 1870-ci ildə yaradılıb və hazırda orda dünyanın nadir sənət əsərləri, maddi və qeyri maddi irs nümunələri sərgilənir. Orada belə bir xalça nümayiş etdirilir. Bəzən muzey işçiləri xalçanı Persia (İran) adı ilə təqdim edirlər. Bu xalça müasir Türkiyə ərazisində tapılıb və milyonçu Qoras Xevmeyerin şirkəti tərəfindən alınaraq muzeyə hədiyyə edilib. Bu xalça barədə muzeydə yanlış informasiyalar verilir. Əslində bu xalça kimə və hansı xalqa məxsusdur?
Məlumdur ki, Naxçıvan tarixinin ən mühüm mərhələlərindən biri Atabəylər dövləti (1136-1225) dövrünə düşür. Bu dövlət XII əsrin ortalarından Eldənizlər xanədanının hökmranlığı altında təşəkkül tapmışdır. Həmin əsrin 30-70-ci illərində Naxçıvan şəhəri bu dövlətin əsas mərkəzi şəhəri, paytaxtı olmuşdur. Eldənizlər dövlətinin banisi Atabəy Şəmsəddin Eldənizin hakimiyyətinin ilk dövründən dövlətin siyasi mərkəzi, “padşahlıq iqamətgahı” Naxçıvan şəhərində yerləşmişdir. Şəmsəddin Eldəniz Naxçıvanı paytaxt seçəndə bu xalça daxil olmaqla onun şərəfinə bir neçə xalça toxunulur və saraya təqdim edilir.
Qeyd edim ki, Naxçıvanın zəngin təbiəti bu bölgənin xalçalarına xüsusi çalarlar vermiş, onun rəng kompozisiyalarının həllinə çoxçeşidli boyalar bəxş etmişdir. Aləlvan rənglər bu bölgənin xalçalarını digərlərindən fərqləndirən əsas xüsusiyyətdir. Xalçaların naxış-kompozisiya seçimində də yerli əhalinin təsəvvürü, mifik görüşləri, inancları mühüm yer tutmuş, onların ifadəsi xalçalarda öz əksini tapmışdır. Xalçaların kompozisiyası müxtəlif formalı naxış elementlərindən qurulmuşdur. Xalçalarda təsvir edilən bəzək elementlərinə digər maddi mədəniyyət nümunələri üzərindəki təsvirlərdə də təsadüf edilir.Naxçıvan xalçaları üzərində tez-tez rast gəlinən bir çox heyvan təsvirləri vardır. Bunlardan qoç, əjdaha, dəvə, at, ayı, və s kimi rəsmləri nümunə göstərmək olar.
Məhz Naxçıvan xalça mədəniyyətinin bir parçası olan bu xalça Atabəy Eldəniz ailəsinə məxsus olub və uzun müddət sarayda saxlanılıb. Muzeyin arxiv məlumatında da xalçanın Eldənizlər dövrünə aid olması barədə qeydlər var. Sonradan Naxçıvan Osmanlıların əlində olan zaman qənimət kimi ora aparılıb və sonradan da Amerikalılar tərəfindən alınaraq muzeyə hədiyyə edilib...
İndi Mədəniyyət Nazirliyi zəhmət çəkib bu xalçanın əsl adını özünə qaytarsın!
Zaur Əliyev, dosent
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.