İqbal MƏMMƏDOV,
Milli Məclisin deputatıVətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məğlubiyyətə məhkum olduğunu anlayan Ermənistan kapitulyasiya aktını imzaladı. Ordumuzun qazandığı hərbi zəfər siyasi müstəvidə əldə olunan qələbə ilə tamamlandı.
Beləliklə, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları Üçtərəfli bəyanatla 30 ildən artıq davam edən münaqişəyə son qoyuldu. Bununla da erməni şovinistlərinin Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdikləri etnik təmizləmə, işğalçılıq və ekspansionizm siyasətinin qarşısının alınması ilə bağlı tarixi missiya uğurla yerinə yetirildi və tarixi ədalət bərpa olundu.
Üçtərəfli bəyanatın imzalanması, eyni zamanda, ümumxalq birliyinin təntənəsi idi. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşadı, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izlədi, möhtəşəm uğurlara sevindi.
Azərbaycanın maraqlarına tam uyğun hazırlanan Üçtərəfli bəyanatla status-kvonu dəyişdi. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal altındakı bütün torpaqlarımızdan ordusunu qeyd-şərtsiz çıxarmağa və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu.
Bununla da döyüş meydanında əldə edilən uğur siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Üçtərəfli bəyanatın birinci maddəsində vurğulanan tərəflərin hazırda tutduqları mövqelərdə qalması isə birbaşa Azərbaycanın xeyrinə idi. Çünki Ermənistan bu müharibədə hər hansı bir müsbət nəticə əldə etməmişdi.
Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar hazırda həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirən Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən mənimsənilir.
Onu da qeyd edim ki, Vətən müharibəsində qardaş Türkiyənin açıq mənəvi və siyasi dəstəyi bir çoxunun bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını qələbəyə ruhlandırdı.
Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Bu il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması da iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə inkişafını göstərir.
Üçtərəfli bəyanatla, həmçinin yaradılmış yeni reallığın hüquqi və siyasi bünövrəsini müəyyənləşdirdi. Sənədin beşinci bəndinə əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı. Rusiya və Türkiyə hərbçilərinin bu mərkəzdə fəaliyyətləri reallaşdırıldı. Beləliklə, Türkiyənin rəsmi qaydada bu münaqişənin gələcək həllində və atəşkəsə nəzarət etmək işində rolu gerçəkləşdi.
Üçtərəfli bəyanat həm də Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasını şərtləndirdi.
Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış bəyanata əsasən, reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaq. Regionun inkişafını sürətləndirəcək yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil.
Bəyanat, eyni zamanda, rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. “Böyük Ermənistan” planı fiaskoya uğradı. Otuz illik danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, “Dağlıq Qarabağ”ın statusunun müəyyənləşdirilməsi məsələsi arxivə verildi. “Dağlıq Qarabağ”da yeni erməni dövlətinin yaradılması planları pozuldu.
Beləliklə, Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə, Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.