AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

31 mart Azərbaycanlıları Soyqırımı günü - tariximizi qan yaddaşı

  • + A
  • - A
  • 30-03-2024, 14:15

    31 mart Azərbaycanlıları Soyqırımı günü - tariximizi qan yaddaşı


    Hər bir xalqın tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin həmin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman güclü olur, o zaman zəfər çalır ki, Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. Artıq bu gün bütün dünya Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən və onu daha da gücləndirən Azərbaycan Prezidenti, Ali Baş Komandan, Qalib Lider İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun tarixi hadisələrə layiqli qiymət verdiyinin şahidi oldu. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Bu il 1918-ci il 31 Mart -2 aprel hadisələrindən 106 il ötür. O zaman erməni vandalları tərəfindən on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci illərdə yaradılmış Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları nəzərdən keçirək: “1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur.Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilmişdir. Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir”.

    Bu hadisələrə hüquqi-siyasi qiymət verilməsi və dünyaya çatdırılması üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən müəyyən işlər görülsə də, (məsələn, Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edilmişdi, Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmış, dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmış, Əlimərdan bəy Topçubaşov tərəfindən həmin materiallar Paris Sülh Konfransına təqdim olunmuş,1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir),mövcud tarixi şəraitə görə baş verənlərin sona qədər araşdırılmasının və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır.

    Lakin həmin faciəli hadisədən 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə hüquqi - siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olunmuşdur. Ümummilli Lider Heydər Əliyev bu hadisəyə qiymət verərkən qeyd etmişdir ki: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”

    Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Ölkə başçısı İlham Əliyev "31 Mart Azərbaycanlıların soyqırımı Günü" münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir ki: “mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.”

    Həmin günlərdə Türkiyə öz qardaş köməyi ilə Azərbaycanı xilas etdi. Qazanılmış müstəqilliyin təhlükədə olduğunu hiss edən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyunun 4-də Türkiyəyə müraciət edərək ondan kömək istədi. Bu müraciətin nəticəsi olaraq iki ölkə arasında saziş imzalandı. Azərbaycan hökuməti ölkənin erməni-rus hərbi birləşmələrinin qanlı təcavüzlərindən xilas edilməsi, dövlət müstəqilliyinin qorunub saxlanılmasını Türkiyə hökumətindən xahiş etdi. Türkiyə Silahlı Qüvvələrinin komandanı, general Ənvər Paşa Azərbaycanın hərbi yolla xilasına Qafqaz İslam Ordusunun yaradılması ilə başladı. Nuru Paşa ordunu təşkil etdiyi müddətdə ermənilər Bakıda, həmçinin ölkənin digər bölgələrində azərbaycanlılara qarşı, sözün əsl mənasında, soyqırımları həyata keçirdilər. Naxçıvanda, Zəngəzur, İrəvan mahallarında, Qubada, Neftçalada, Zaqatalada, Şuşada, Dağlıq Qarabağda on minlərlə günahsız, əliyalın insan erməni vəhşiliyinin qurbanı oldu. Erməni-bolşevik rus silahlıları təkcə Bakı şəhərində 30-31 mart tarixlərində 12 min azərbaycanlını qətlə yetirərək Çəmbərəkənd adlanan yerdə basdırdılar. Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımıza yardım göstərən, bolşeviklərin və erməni millətçilərinin həmyerlilərimizə qarşı törətdikləri soyqırımların qarşısını alan, Nuru Paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusunun qəhrəmanlığına təsadüf edən 15 sentyabr 1918-ci il zəfər günü, türk birliyinin, qardaşlığının nümunəsi oldu. Hərb sənətinə mükəmməl yiyələnmiş, istənilən döyüş tapşırığını qalibiyyətlə başa çatdırmağa qadir olan Qafqaz İslam Ordusu düşmən əlində olan Bakını və digər yaşayış məntəqələrimizi düşməndən azad etdi. Türk əsgərlərinin hücumlarına tab gətirməyən erməni-bolşevik silahlı dəstələrinin tör-töküntüləri Bakıya toplaşaraq şəhəri əllərində saxlamağa çalışsalar da, türk birliyi qarşısında məğlub oldular. Nuru Paşanın ordusu Bakını bolşevik-erməni dəstələrindən təmizlədi. Beləliklə, 15 sentyabr 1918-ci ildə Bakı Türkiyənin hərbi köməyi ilə istiladan xilas olaraq həqiqi sahiblərinə qaytarıldı. Həmin hadisələrdə 6 mini azərbaycanlılar olmaqla 14 min silahlısı olan Qafqaz İslam Ordusunun 139 əsgəri, 9 zabiti qəhrəmancasına şəhid oldu, 463 nəfər yaralandı. İndi Şəhidlər xiyabanında 1918-ci ildə həlak olan türk əsgərlərinin xatirəsinə əbədi hörmət rəmzi olan abidə hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Təsadüfi deyil ki, belə qardaşlıq telləri ilə bağlanan, illərin sınağında bərkiyən Türkiyə-Azərbaycan dostluğu edilən təsir və qadağalara baxmayaraq bu gün yüksək səviyyədə olan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

    Təcrübə göstərir ki, o ölkələrdəki xaos, qeyri-sabitlik hökm sürür, silahlı münaqişələr baş verir, orada qadın və uşaqlar daha çox və kütləvi şəkildə zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görmüşdür. Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində minlərlə insan, o cümlədən, qadın, uşaq və qocalar həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Çoxsaylı faktlar göstərir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilmişdir. Birinci Qarabağ müharibəsindən bu günə qədər Azərbaycanın 4000-ə yaxın vətəndaşı itkin sayılır. Təəssüflər olsun ki, Ermənistan tərəfi beynəlxalq çağırışlara məhəl qoymayaraq beynəlxalq faktaraşdırıcı missiyanın o zaman işğal altında olan Azərbaycan torpaqlarına girməsinə və bu məsələni araşdırmasına imkan vermirdi. Amma Azərbaycanın Baş Prokurorluğu, Hərbi Prokurorluğu, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsiylə birlikdə genişmiqyaslı iş aparıb. İtkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji test və DNT nümunələri götürülüb ki, gələcəkdə aşkar olunacaq cəsədlərin eskumasiyası zamanı onların şəxsiyyətləri müəyyənləşdirilsin. Bu illər ərzində Azərbaycanın müxtəlif bölgələrində naməlum məzarlıqlar aşkar edilb. Onların eskumasiyası həyata keçirilib. İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını azad etdikdən sonra axtarışlar daha da aktiv fazaya keçdi. Azad edilən ərazilərdə tikinti-abadlıq, minatəmizləmə işləri aparılan zamanı bir neçə kütləvi məzarlıqlar aşkar edildi. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Hamıya məlumdur ki, müharibələrin qurbanı olan insanlar ciddi psixoloji təsirlərə məruz qalırlar. Bu təsirlərin davamı kimi xəstə uşaqlar dünyaya gəlir, ailələrdə gərginlik yaşanır. Azərbaycanın Qarabağ bölgəsi genetik olaraq ən sağlam zonalardan biri hesab olunurdu. Lakin əfsuslar olsun ki, 30 ilə yaxındır ki, bu bölgədə müxtəlif xəstəlik və anaomaliya ilə doğulan uşaqların sayı artmaqdadır. Davamlı olaraq sülh prosesinə maneə yaradan, eyni zamanda, yeni ərazilər işğal etmək istəyində olduğunu açıq şəkildə bəyan edən Ermənistan ötən bu illər ərzində, həmçinin Vətən müharibəsi zamanı mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmuşdur. Nəticədə onlarla insan, o cümlədən, uşaq və qadın həlak olmuş, yüzlərlə insan isə yaralanmışdır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu hərbi əməliyyat zamanı bütün beynəlxalq hüquqa, norma və prinsiplərə uyğun davranmışdır. Heç bir halda mülki əhaliyə ziyan dəyməmişdir. Ermənistan isə döyüş meydanından uzaq məsafədən yerləşən şəhər və rayonlarda mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücum edir. Bu, barbarlıq və vandalizmdir. Nəticədə, 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistanın bu cinayətkar hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə, 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Ermənistan Respublikası “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini məhv etmək və talamaqla məşğuldur. İşğal olunmuş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Kəlbəcər rayonu işğal olunduqdan sonra tarix diyarşunaslıq muzeyinin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş əşyalar, ötən əsrlərdə toxunmuş xalçalar talan olunaraq Ermənistana daşınmışdır.

    Bu gün bizim qarşımızda duran başlıca vəzifə ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətin soyqırım kimi, beynəlxalq hüquqi qiymətini almasına nail olmaqdır. Bu baxımdan Respublikanın 1-ci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, eləcə də fondun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü çox diqqətəlayiqdir. Milli Məclisin rəhbəriliyinin adından müvafiq beynəlxalq təşkilatlara, eyni zamanda, bütün parlamentlərarası dostluq qruplarına, ermənilərin Qarabağda etnik təmizləmə siyasəti haqqında müraciət unvanlamışdır. Lakin biz yenə də ikili standartları görürük. Mən neçə illərdir ki, uşaq və qadın hüquqları ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirəm, qoşulduğumuz Konvensiyalara uyğun olaraq həm uşaq hüquqları, həm də qadınlara qarşı ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi ilə bağlı ölkə üzrə dövrü hesabatlar vermişik. Hər dəfə də Ermənistanın apardığı işğalçılıq siyasətini qabartmışıq, lakin həmişə olduğu kimi beynəlxalq təşkilatlar susur, sanki eşitmirlər. İşğalçı ilə işğala məruz qalana eyni münasibət göstərirlər. Biz belə hallarla dəfələrlə rastlaşmışıq, lakin yenə də haqq sözümüzü demişik və bu sənədlərdə, protokollarda öz əksini tapıb.

    Ermənilər tərəfindən törədilən “31mart azərbaycanlıların soyqırımı”ndan 106 il ötür. Erməni vandalları azərbaycanlılara qarşı nə qədər amansız və qəddarlıq etsələr də, Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, “bu ağır faciələr xalqımızı daha da mətinləşdirmiş, müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən Müharibəsində 200 il, o cümlədən, Xocalıda, Qaradağlıda, Ağdabanda, Ballıqayada və eləcə də digər əraziləridə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi.

    Lakin biz unutmamalıyıq ki, ermənilər Azərbaycan və türk xalqlarına qarşı həmişə düşmən mövqe tutublar. Ona görə xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, tarixi sübutlar əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış, heç bir həqiqəti əks etdirməyən fikirləri dəyişdirmək üçün davamlı iş aparılmalıdır. Bütün imkanlardan, platformalardan istifadə edərək hadisələri olduğu kimi çatdırmaq, ona hüquqi-siyasi qiymət verdirmək, ermənilərə fürsət verməmək üçün daha da fəal olmalıyıq. Bu nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir.

    Hamımız yaxşı bilirik ki, “erməni soyqırımı” “Böyük Ermənistan” yaratmaq məqsədinə xidmət edən, saxta erməni “alim” və “tədqiqatçıları” nın yalanlarından başqa bir şey deyil. Lakin bununla yanaşı, 1950-ci ildən başlayaraq, onlar 20-ə qədər ölkənin bəyanat və ya qərar qəbul edilmasinə nail olublar. Saxtakar erməni “tarixçilərinin” və onlarla həmfikir olan bəzi qərəzli alimlərin, siyasətçilərin, politoloqların da dəstəyindən istifadə edərək 50 minə yaxın sayt yaradaraq, filmlər çəkdirərək, bəzi ölkələrdə (Almaniyada) mövzunu dərsliklərə saldıraraq, elmi kitablar yazdıraraq özlərini zavallı, yazıq və sülhsevər bir millət olaraq qələmə verirlər və tarixdə heç vaxt olmayan bir “erməni soyqırım”hadisəsi yaradıblar. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “tarixi necə saxtalaşdırıblar, reallığı da elə saxtalaşdırıblar. Onların şəbəkələri dünyanın müxtəlif paytaxtlarında fəaliyyət göstərir, saxta məlumat ötürür və bu saxta məlumat ətrafında sonra müzakirələr gedir və olmayan şeyləri reallıq kimi qələmə verirdilər.” Hələ XIX əsrin əvvəllərində fransız utopik sosialisti Şarl Furye yazırdı: “Ermənilər özlərinə xas olan saxtakarlıqlarını böyük ustalıqla gizlədə bilirlər. Qarşılarındakı şəxsləri saxtakarlıq və riyakarlıqla inandıra bilirlər...” Ermənilərin bu məkrli xisləti haqqında bir çox tanınmış alimlərin, ziyalıların fikirlərini nümunə gətirmək olar. Lakin bu da çox maraqlı bir haldır ki, bu insanların ermənilər haqqında dedikləri fikirlər, onların hərəkətlərinə verilən düzgün rəy heç vaxt nəzərə alınmır.

    Ona görə də biz də dünya ictimaiyyətini inandırmalıyıq ki, erməni millətçilərinin saxta soyqırımı təbliğatı və qonşu dövlətlərə ərazi iddiaları regionda sabitliyi və dünya düzənini pozmağa yönəlmiş dağıdıcı amil rolunu oynayır, xalqları bir-birinə qarşı qoyur, milli və dini qarşıdurmanı təşviq edir. Bunun üçün çalışmalıyıq, davamlı olaraq iş aparmalıyıq.

    Bu gün biz öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa edirik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq, tezliklə bu yerlər həyat qayıdacaq. Lakin xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən mühüm səhifələridir, qan yaddaşımızdır. Həm gələcək nəsil üçün, həm də dünya ictimaiyyəti üçün işğaldan azad olunan torpaqlarımızda, erməni faşizminin, ermənin terrorunun, soyqırımını əks etdirən açıq muzeylər, abidələr yaradılmalıdır.

    Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR