AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədən doğan istiqlal ruhu

  • + A
  • - A
  • 27-05-2025, 19:43

    Gəncədən doğan istiqlal ruhu

    İbrahim Cəfərov,
    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru

    1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan xalqı öz müstəqil, demokratik və hüquqi dövlətini – Azərbaycan Xalq Cümhuriyyətini (AXC) yaratdı. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət xalqımızın milli mənlik şüurunu oyatdı, dövlətçilik tariximizdə yeni bir səhifə açdı. Müstəqillik Bəyannaməsi Azərbaycanın suverenliyini dünyaya bəyan etməklə xalqımızın öz müqəddəratını təyin etmək iradəsini nümayiş etdirdi.
    Qürurla deyə bilərəm ki, Gəncə istiqlal mübarizəsinin paytaxtı olub.
    Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı məhz qədim Gəncə şəhəri olmuşdur. Gəncə yalnız coğrafi baxımdan deyil, həm də mənəvi və siyasi baxımdan dövlətçiliyimizin dayağına çevrilmişdi. 1918-ci ilin iyununda milli hökumət Tiflisdən Gəncəyə köçürülərək fəaliyyətini burada davam etdirdi. Gəncədə dövlət idarələri formalaşdı, hökumət iclasları keçirildi, qanunlar qəbul edildi. Beləliklə, Gəncə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində mühüm rol oynadı.
    İstiqlal Bəyannaməsində əks olunmuş ideallar – bərabərlik, hüquqi dövlətçilik, milli azadlıq prinsipləri Gəncədə həyata vəsiqə aldı. Burada ilk dövlət strukturları, vətəndaş cəmiyyəti institutları formalaşdırıldı. Hökumətin Gəncədə fəaliyyəti zamanı qəbul edilən qərarlar xalqın rifahına, təhsilinə və təhlükəsizliyinə xidmət edirdi. Bu şəhər yalnız bir inzibati mərkəz deyil, eyni zamanda milli azadlıq və istiqlal ruhunun daşıyıcısına çevrildi.
    Milli dövlətçilik ənənələri Gəncədən başlandı desək, yanılmarıq.
    AXC dövründə Gəncədə bir sıra strateji qərarlar verildi: vətəndaşlıq institutu təsis edildi, dövlət bayrağımız qəbul olundu, milli ordu yaradıldı. Gəncədə fəaliyyət göstərən dövlət strukturları müstəqil Azərbaycanın gələcək hüquqi bazasının formalaşmasına təkan verdi. Bu şəhər Azərbaycanın dövlətçilik tarixində bir məktəb oldu, vətənə xidmətin, milli ideallar uğrunda mübarizənin nümunəsini göstərdi.
    Təhsil və ədliyyə sahəsində Gəncənin rolu
    1919-cu ildə AXC Parlamenti tərəfindən Bakı Dövlət Universitetinin yaradılması haqqında qəbul edilən qərarın müzakirəsi də Gəncədə aparılmışdı. Bundan əlavə, AXC-nin Ədliyyə Nazirliyi, Azərbaycan Məhkəmə Palatası və digər mühüm hüquq institutlarının təşkili prosesində Gəncə hüquq mütəxəssislərinin iştirakı olmuşdur. Gəncə maarif və hüquq sahəsində AXC-nin dayaqlarından biri idi.
    1991-ci ildə Azərbaycan Respublikası “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etməklə AXC-nin siyasi varisi olduğunu bəyan etdi. Ulu Öndər Heydər Əliyevin tarixi iradəsi nəticəsində bu varislik qorundu və müstəqil Azərbaycan dövləti gücləndi. Gəncə bu proseslərdə yenə də fəal iştirak etdi – azərbaycançılıq ideyasının daşıyıcısı kimi daim dövlətçiliyin yanında oldu.
    Prezident İlham Əliyev də hər zaman siyasətində Gəncəyə dəyər verir.
    Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hər bir bölgəsi, o cümlədən Gəncə şəhəri böyük inkişaf yolundadır. Prezidentin “Azərbaycan Xalq Cümhuriyyəti bizim dövlətçilik tariximizin şanlı səhifəsidir” fikri Cümhuriyyətə və onun paytaxtı olmuş Gəncəyə göstərilən yüksək diqqətin təzahürüdür. Gəncənin inkişafı həm də tarixə, dövlətçiliyimizə verilən dəyərin göstəricisidir.
    Azərbaycan Xalq Cümhuriyyəti yalnız tariximizin qürur səhifəsi deyil, həm də bugünkü müstəqilliyimizin təməlidir. Bu təməl ilk olaraq Gəncədə möhkəmləndi. Gəncə bugünkü nəsillərə dövlətçiliyin, azadlığın, milli ruhun simvolu kimi qalır. 28 May – Müstəqillik Günü münasibətilə bütün xalqımızl təbrik edir, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizi ehtiramla yad edirik.
    Yaşasın müstəqil Azərbaycan! Yaşasın istiqlalın beşiyi Gəncə!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR