Azərbaycan Mərkəzi Bankı ilə Böyük Britaniyanın "Chartered Insurance Institute" arasında strateji əməkdaşlığın qurulmasına dair ilkin razılıq əldə olunub. Tərəflər Azərbaycanda sığorta və maliyyə sektorunun kadr potensialının gücləndirilməsi, eləcə də ölkənin beynəlxalq standartlara uyğun regional tədris və təlim mərkəzinə çevrilməsi istiqamətində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə institutun baş icraçı direktoru Metyu Hil arasında keçirilən görüşdə beynəlxalq səviyyəli tədris proqramının Azərbaycanda tətbiqi üzrə ilkin razılıq əldə edilib. Proqram çərçivəsində sığorta və maliyyə sektorunda çalışan mütəxəssislərin, eləcə də bu sahədə karyera qurmaq istəyən şəxslərin beynəlxalq sertifikatlaşdırma və peşəkar təhsil imkanlarından yararlanması nəzərdə tutulur.
Lakin açıqlamada bir sıra mühüm məqamlar diqqətdən kənarda qalıb. Belə ki, proqramın hansı tarixdə başlayacağı, təlimlərin ödənişli və ya ödənişsiz olacağı, iştirakçıların hansı meyarlarla seçiləcəyi, regionlarda yaşayan mütəxəssislərin bu imkandan necə yararlanacağı barədə məlumat verilməyib.
Belə təşəbbüslərin real nəticə verməsi üçün proqramın yalnız məhdud sayda iştirakçı üçün deyil, ölkə üzrə geniş auditoriya üçün əlçatan olması, şəffaf qəbul mexanizminin tətbiq edilməsi və təhsil imkanlarının bölgələri də əhatə etməsi vacibdir. Əks halda, beynəlxalq əməkdaşlıq yalnız formal xarakter daşıya və sektorda gözlənilən kadr çatışmazlığının aradan qaldırılmasına ciddi təsir göstərməyə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.