AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün yalnız əfqan xalqı deyil, bütün dünya "Taliban"ın timsalında böyük bir təhlükə ilə üz-üzə qalıb

  • + A
  • - A
  • 22-08-2021, 12:22



    Müşfiq Abdulla, siyası şərhçi

    Azərbaycanlı siyasi ekspertlər arasında "Taliban" terror qruplaşmasına rəğbət bəsləyənlər az deyilmiş. Son günlər mediada ""Taliban"ı terror təşkilatı adlandırmaq səhvdir"-deyən politoloqların sayı həndəsi silsilə ilə artmağa başlayıb. Anlamıram, terror təşkilatı necə olur? Terroru özünün mübarizə vasitəsinə çevirən, minlərlə dinc insanı kütləvi edamlar, qətllər, partlayışlar yolu ilə məhv edən, "Əl-Qaida"nın sağ əli, vuran qolu olan radikal dini qruplaşma terrorçu deyilmi? Bəlkə, "Taliban" dinc siyasi mübarizə aparan, dünyəvi, demokratik dəyərlərin daşıyıcısı olan partiya imiş, mənim xəbərim olmayıb? "Taliban" terrorçu deyilsə, o zaman Azərbaycan sülhməramlıları Əfqanıstanda kimi kimdən qoruyur? Bəzi ekspertlərimizin sözündən belə çıxır ki, 'taliblər" Əfqanıstana sülh gətirib. Azərbaycan da bu sülhü təntənə ilə qarşılayıb onları hakimiyyətə gəlişi münasibəti ilə təbrik etməlidir. Əgər "Taliban" hərəkatı Əfqanıstan sülh gətirən idisə, Azərbaycan 20 ildir beynəlxalq anti-terror koalisiyasının tərkibində bu ölkədə kimə qarşı mübarizədə iştirak edir?
    "Taliban"ın terror cinayəti yalnız siyasi müstəvini əhatə etmir. İnsanları dininə, məzhəbinə, qadın olduğuna, təhsil aldığına, televizora baxdığına, radio dinlədiyinə, futbol oynadığına görə ölümə məhkum edənlərə terrorçu deməyək, bəs nə deyək hörmətli siyasətşünaslar?
    Bu gün yalnız əfqan xalqı deyil, bütün dünya "Taliban"ın timsalında böyük bir təhlükə ilə üz-üzə qalıb. Bu İŞİD-dən də böyük bəladır bəlkə. Belə olan halda Azərbaycanı "Taliban"la diplomatik əlaqələr qurmağa çağırmaq terrora və terrorçuya legitimlik qazandırmaqdan başqa bir şey deyil. "Taliban"ın hakimiyyətə gəlişini qaçılmaz siyasi reallıq kimi qəbul edən ölkələr belə, bu terror qruplaşmasının adını "qara siyahı"dan çıxartmağa tələsmir, məsafə saxlayır. Çünki siyasi mövqeyindən asılı olmayaraq, dünya dövlətləri yaxşı bilir ki, "taliblər" hakimiyyətdə çox qala bilməyəcək. Sadəcə olaraq, hər bir tərəf çalışır ki, "taliblər"dən daha az ziyan görsün. Ölkəni iqtisadi böhrandan çıxara biləcək proqramı, xüsusilə də pandemiya dövründə əhalinin sosial rifahını və biznesi inkişaf etdirəcək maliyyə resursları olmayan, kompüteri "şeytan əməli" adlandıran, televizoru baltalayan, məktəbi yandıran bir cinayətkar qruplaşma hakimiyyətdə qalmayacaq. Çox keçmədən Əfqanıstanda 1990-cı illərdə olduğu kimi yeni bir müxalifət koalisiyası yaranacaq və "Taliban"ın hakimiyyətini sıradan çıxaracaq. Artıq Əmrulla Saleh-Əhməd Məsud-Rəşid Dustum ittifaqının ilk hərbi uğurları bunu göstərir. Əfqanlstan böyük bir vətəndaş müharibəsindən çıxıb yeni müharibəyə daxil olur. Belə olan təqdirdə, tələm-tələsik nəticə çıxarıb terrorçunun yanında yer almaq Azərbaycana lazımdırmı?


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR