Vətəni pulla almaq
Vahid Qazi
Mehriban Vəzirin ”Qarabağnamə”sindən doğan yazı
“Ağabəyim ağa Cavanşir” kitabını “Rusiya agentləri”nin mətbuat səhifələrimizdə at oynatdığı iddia edildiyi günlərdə oxudum. Mehriban Vəzirin sonuncu “Qarabağnamə” kimi qəbul elədiyim bu kitabında yazılanlarla indi sosial şəbəkələrdə, saytlarda oxuduqlarım 200 il zaman fərqinə rəğmən ağız-ağıza səsləşir kimi göründü mənə.
Kitabdan məlum olur ki, o vaxt Rusiya casusları Qarabağ, Təbriz, Tehran saraylarınadək ayaq açıbmışlar. Hətta Təbriz müctəhidi Mirfəttah ruhani nüfuzundan istifadə edərək şəhər əhlini darvazaları rus ordusunun üzünə açmağın ”Allah əmri” olmasına inandıra bilmişdi.
O vaxtdan bəri nə qədər mirfəttahlar gördük! İndi marıqdakılar da boy verməyə başlayıb.
İlham İsmayılın moderator.az saytında dərc olunan “Bunun Vətənə xəyanətdən başqa adı yoxdur…” məqaləsində Tahir Cəfərli adlı mövcudluğundan təzəcə xəbər tutduğum bir ”analitik”ə yazdığı cavabdan belə anlaşılır ki, “Rusiya agentləri” yenə hər yanı sarıblar, açıq fəaliyyətdən belə çəkinmirlər.
Tarixi faciələrimizdə “beşinci kalon” deyilən zümrənin rolu xüsusi araşdırılası mövzudu. Özü də bu, rusların Qafqaza ayaq açdıqları ildən ta bu günəcən dövrü əhatə eləsə daha bitkin araşdırma olar.
Mehriban Vəzirin kitabı tarixi faciələrimizin əsl səbəbini bilmək istəyən hər kəsə maraqlı gələr. Dəfələrlə ətimi ürpədən, bəzən qəhərləndirib, bəzən hiddətləndirən bu kitabı ötənlərdən – yaddaşımın ən məhrəm yerində gizlənən Qarabağlı günlərimdən bir namə kimi oxudum.
Vətən fədaisi Məhəmməd bəy Cavanşir, ”Qarabağ şikəstəsi” xan qızı, İran şahının Şahbanusu Ağabəyim ağa, Azərbaycan sevdalısı şahzadə Abbas Mirzənin gözüylə Şuşa qazısı olmuş ulu babamdan üzü o yana, üzü bu tərəfə babalarımın, nənələrimin yaşadığı dövrə, yerə ruh səfəri elədim. “Tehran cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” deyən Ağabəyim ağanı qürbət eldə daha içdən duydum.
Bu adamların hər üçünü ömrünü vətənə fəda etmiş Azərbaycan aşiqi neçə-neçə tarixi şəxsiyyət sırasında gördüm, ədəbiyyatımızın ən gözəl bədii əsər surətləri kimi təsəvvür elədim. Qurban Səid gələ ”Ağabəyim ağa və Məhəmməd bəy” romanı yaza.
Kitab adamın fikrini çox yerlərə çəkir. Durub hamısını yazmaq fikrim yoxdu. Qoy, o fikirlər, düşüncələr, suallar özümdə qalsın, özümlə qalsın. Beynimi deşən tək birini deyim bəsdi:
Niyə bu xalqı, bu vətəni canından, var-yoxundan artıq sevənlərin taleyi faciəli olur, ömrü məşəqqətdə keçir, nakam bitir?
Cəmil Həsənlinin bu yay oxuduğum ”Али Мардан-бек Топчибашев: жизнь за идею” kitabının qəhrəmanı kimi, Məmməd Əmin Rəsulzadə kimi, onların istiqlalçı silahdaşları kimi.
“Qacarların Qarabağ çırpıntısı Ağabəyim ağa ilə bitdi” – bu, kitabın son cümləsidi.
İstəmirəm gələcəkdə bizi anıb desinlər ki, Azərbaycanın Qarabağ çırpıntısı bu nəsillə bitdi.
Gözgörəti Qarabağ əlimizdən gedir. Bu mənzərəni birimiz üzdə yaltaq təbəssüm, birimiz müti, boynubükük susqunluğumuzla müşaiyət edirik. Birimiz də elə içimizdə çərləyərək.
Bağıranımız, hayqıranımız yoxdu!
Ağabəyim ağa Qum vilayəti daxil bütün sərvətini Qarabağı geri qaytarsın deyə Azərbaycan şahzadəsi Abbas Mirzəyə vəsiyyət edir. Abbas Mirzə Xoyu, Urmunu ruslardan neçəsə qızıl pul müqabilində geri almışdı. Şahbanu Qarabağa görə bütün varidatından keçməyə hazır idi. İkisi də bir il fərqiylə öldü. Cavan yaşda. Rus casuslarının əliylə zəhərlənmələri ölüm səbəblərindən biri kimi iddia olunur.
Bu yazını yazdığım anlarda dünya mətbuatı 2,9 milyard dollar Azərbaycan pulunun ”yuyulması”ndan danışır. İddia olunur ki, ölkədən gizli yollarla çıxarılan bu pullar ”Azərbaycanın maraqlarını qorumaq”, ”Qarabağı geri qaytarmaq” üçün xərclənib – avropalı siyasətçilərə rüşvət kimi verilib. Belədisə, demək, bizim də dünya miqyaslı işbazlarımız var. Demək, istəsələr o pula Qarabağı da satın ala bilərdilər. Yazı mövzusu deyil deyə ”səhiyyədə, təhsildə və sair köklü islahatlara da xərclənə bilərdi” demirəm heç.
Demək, şəffaflıq mücəssiməsi Avropada ”kirli işlər” bacaranlar o pulla xirtdəyəcən korrupsiyaya bulaşmış Rusiyanın caynağından Qarabağı xilas da edə bilərdilər. Demək, az qala Ermənistanın büdcəsi boyda olan o pulla Qarabağı elə döyüşsüz-filansız Ermənistandan satın da almaq mümkün idi.
O pula Qarabağı xilas edəcək fədailər ordusu yaratmaq da olardı!
İşə bax, bu sətirləri yazdığım vaxt Almaniyada 45 il əvvəl Münxen olimpiadasında terrorçuların qətlə yetirdikləri İsrail idmançılarının anım mərasimi keçirilir. Nə dəxli var bu yazı, deyərsiniz. Birbaşa dəxli var!
Bu terrordan sonra o vaxtkı İsrail baş naziri Qoldo Meir MOSSAD-ın təqaüddə olan keçmiş şefini çağırıb deyir: Sənə istədiyin qədər səlahiyyət, pul verirəm. Bu işdə əli olan terrorçuların hamısını tap, məhv elə.
Qısa müddətdə “Allahın qəzəbi” adlı kiçik bir dəstə yaradılır, 8 terrorçunun 7-si tez bir zamanda qətlə yetirilir. Sonuncunu bir neçə ildən sonra tapıb öldürürlər. Bu iş təbii ki, milyardlara başa gəlmir, bəlkə də heç bir milyon da tutmayıb. Amma yəhudilər bununla millətin, dövlətin iradəsini dünyaya sübut ediblər.
Bu 2,9 milyard dolların 10 faizinə elə neçə ermənini satın alıb, Dağlıq Qarabağda diversiyalarla xof mühiti yaratmaq olardı. Bu 10 faizə partizan-təxribat dəstələri hazırlamaq olardı, hətta peşəkar terrorçular bu pulla Xankəndində at oynadardılar. Pələng kimi oğullarımız çayxanalarda domino çırpır bekarçılıqdan.
Deyirlər hələ üstü açılmamış neçə ”2,9 milyardlar” var. Gec deyil, qoyun bu pulu Qarabağın xilasına. Təzədən qurun Azərbaycanı.
Bunu vətən acısını ürəyində sancı kimi duyan, nə vaxtsa, uşaqlığın hansı bəxtəvər çağındasa Cıdır düzündə üzünə dəymiş bir mehlik Şuşa havasını ruh kimi daşıyan ”2,9 milyard”lara hökmü keçən hər kəs edər. Edər və indən belə yeddi arxa dönəninə xalqın qəlbində sevgi, ehtiram yuvası qurar.
Ta onu demədim ki, Qarabağın azadlığı üçün vəsiyyət edilən o varidat İran Şahbanusunun şəxsi əmlakı idi, 2,9 milyard dollar isə Azərbaycan xalqının puludu.
***
Mehriban xanım mənə hədiyyə göndərdiyi kitaba bu sözləri yazıb: ”Vahid bəyə Qarabağ ortaqlığı ilə”. Xoşum gəldi, gözəl sözdü vətənə ortaq olmaq.
Vətənə ortaq olaq, onun xilası bizim ortaqlığımızdadı. Bütün günü əlləşib yazmaq istədiyim cümlə elə bu idi.