Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün 20 may tarixindən 18 iyun tarixinədək onlayn formada keçirilən “İşgüzar ingilis dili bacarıqlarının artırılması” mövzusunda təlimlər başa çatıb. 24 iyun tarixində təlim dinləyicilərinin onlayn formada qiymətləndirilməsi həyata keçirilib.
Sərhəddə xidmət aparan gömrük əməkdaşlarının xarici dil biliklərinin artırılması məqsədi ilə keçirilən təlimlər xüsusi təlim proqramı əsasında bir ay müddətində hər gün 1.5 saat olmaqla təşkil olunub. Təlim proqramı gömrük əməliyyatları ilə əlaqəli ingilis dili terminologiyası və lüğəti, xidməti fəaliyyət, o cümlədən vətəndaşlarla ünsiyyət zamanı ingilis dili bacarıqları, qrammatikanın sərbəst öyrənmə tapşırıqları vasitəsilə mənimsənilməsi, eyni zamanda gömrük fəaliyyətinə aid mətnləri oxuyub-anlama, müzakirələr zamanı fikir bildirmə kimi sahələri əhatə edib.
Bununla yanaşı, təlimdə ilkin olaraq əməkdaşların ingilis dili bacarıqlarının səviyyəsi və inkişaf etdirilməsi vacib olan sahələri müəyyənləşdirmək üçün diaqnostik test və onlayn sorğudan istifadə edilib. Həmçinin effektiv öyrənmənin təmin edilməsi məqsədilə əməkdaşların xidməti fəaliyyətlərində qarşılaşdıqları mövzuların və dialoqların modelləri qurularaq simulyasiya tapşırıqları yerinə yetirilib.
Təlimlərdə sərhəddə xidmət aparan 15 gömrük xidməti əməkdaşı iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.