AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Canavarla üz-üzə

  • + A
  • - A
  • 23-11-2025, 19:05

    Canavarla üz-üzə

    Nurəddin ƏDİLOĞLU

    (olmuş əhvalat)
    Yeddioymaqlı 100 yaşlı Xanım nənəyə ithaf olunur

    …Kənd-kəsək şirin yuxudaydı. Hərdənbir lap uzaqdan itlərin ağız-ağıza verib, gah boğuq, gah da hündürdən hürüşməsi getgedə qatı qaranlığı seyrələn gecənin bağrına vəlvələ salırdı. Xuruzun hələ birinci banında Xanım həmişəki kimi yatağından qalxıb, üst-başını geyinmişdi. Özünə səliqə - sahman verəndən sonra eyvana çıxıb xırım-xırda işləri gördü, gedəcəkləri yol üçün hazırladığı azuqəni həsirdən toxunmuş zənbilə yığdı. Aradabir dönüb həyət – bacaya nəzər saldı. Samanlığın qabağında hörüklədiyi kəhər at onun hənirtisini duyub qımışa-qımışa astadan kişnədi. Sanki at ona erkəndən oyandığını bildirdi. Ondan bir az aralıda çiy kərpicdən tikilmiş damından çıxan boz köpək də boğazındakı zəncirli xaltanı cingildədə -cingildədə quryruğunu yellədərək zingildədi. “Elə mən də bayaqdan oyağam…” Xanım onlarla danışırmış kimi: “Hə, indi gəlirəm, təvaxül eləyin…” - deyə öz-özünə pıçıldadı. Heyvanlar da onu gözəl başa düşürdülər… At uzun quryuğunu yelpik kimi o yan-bu yana yellədi, it başını qarşısında cütlədiyi qabaq pəncələrinin üstünə qoyaraq eyvana baxa-baxa gərnəşdi... Xanım ehmalca pilləkəndən aşağı enib ətrafa göz gəzdirdi, sonra gedib atın axuruna arpa-saman tökdü, itin yal qabına axşamdan saxsı çölməkdə islağa qoyduğu qırım-qırtığı doldurub yenə eyvana qalxdı. Bu dəfə boğazını arıtlayıb üzünü oğlan uşaqlarının yatdığı yan otağa sarı tutdu:
    - Ay uşaqlar qalxın, tez olun! Can məəm gül balalarım, vaxtdır…
    Adnan könülsüz-könülsüz durub gözlərini ovuşdura - ovuşdura pəncərdən bayıra boylandı. Hər yan sübh çağının alatoranlığına qərq olmuşdu. Göydə hələ də təkəmseyrək ulduzlar sayrışırdı. O, ağzını açaraq bərkdən əsnədi, sonra təzədən yatağına uzanıb: “Eh, ay nənə, hələ tezdir” deyib başını yupyumşaq gülməxmər üzlü mütəkkəyə qoydu. Qardaşından üç yaş balaca da olsa, Maarif anasının xasiyyətini yaxşı bilirdi. Dərindən köks ötürüb, yarıyuxulu düşünürdü ki, elə indicə otağın qapısı taybatay açılacaq, anası gəlib onların başlarının üstünü kəsdirəcəkdi. “Dürun, durun, gül balalarım, səhər açılır. Gedin əl-üzünüzə su vurun, qoy gözlərinizin yuxusu qaçsın...” Sonra da adəti üzrə vəzifə bölgüsü aparacaqdı. “Adnan sən get atı arabaya qoş, Maarif sən ayın-oyunu yığdığım zənbili götür, mən də gedim Sədaqəti də yuxudan oyadım, körpə bacınızı da götürüb gəlləm...” Körpə deyəndə ki, Həqiqətin çiləsi təzə çıxmışdı. Yayın əvvəlində çiləkəsdisi olmuşdu.
    Neçə gün idi ki, sübh tezdən yuxudan qalxıb at-arabayla Muğan yolu ilə Ağ Çaladan keçib Lopatin deyilən tərəfə süpürgə yığmağa gedirdilər. Tozlu -torpaqlı, kələ-kötür yolu gedib-gələnəcən axşam düşürdü. Uşaqlar da yorulurdu, Xanım da ev işlərinə, biş-düş eləməyə vaxt çatdıra bilmirdi. Bir çətən külfəti dolandırmaq üçün səhər-axşam özünü oda-közə vururdu... Yorğun olsa da, çox vaxt Maarif anasına ev işlərində kömək edərdi. O, anasının gətirdiyi mis ləyəndəki sərin suya ayaqlarını salıb bir az dincəldikdən sonra dərzə vurulmuş qara süpürgəni arabadan boşaldardı. Bəzən gecələr ay işığında tut ağacının altında oturub tək-tək dəstələdiyi süpürgə qıçalarını qındırğa ilə bağlayıb həyətin bir tərəfində üst-üstə qalaqlayardı. Xanım satış üçün hazırlanan süpürgələri kəndə gələn alverçilərə bir yerdən dəyər-dəyməzinə satıb övladlarına palpaltar alıb, məktəbli bazarlığını edərdi. Kənddə həsir toxuculuğu kimi süpürgə bağlamaq peşəsi də ustalıq tələb edirdi. El-obada süpürgə təkcə təmizlik işləri üçün istifadə olunan məişət əşyası deyildi, həm ruzi-bərəkətin singəsi sayılır, həm də kəndin ağbirçəklərinin dediyinə görə, süpürgə ev-eşiyi bəlalardan, uşaqları bədnəzərdən qoruyur...

    ***

    …O gün aynabəndli eyvanın taxta döşəməsində Xanımın ayaq səslərindən başqa obaşdanın sükutunu heç kim pozmurdu. Anasının səsini eşidən kimi Maarif ayağa durub, cəld hərəkətlə pal-paltarını geyindi. Çox çəkmədiki anası qapını açıb içəri girdi:
    - Ay gözümün işığı, bəs qardaşını niyə oyatmırsan?
    Maarif əvvəlcə susub Adnana sarı baxdı. Sonra anasının eşidə biləcəyi asta səslə:
    - Nənə canı, - dedi, - bu məndən qabaq oyanmışdı eee, amma hələ tezdir deyib, təzədən başını mütəkkəyə qoydu...
    Övladları analarına nənə deyirdilər. Xanım da onların hər kəlməsinə can deyərdi. İndi Adnana səslənib:
    -Adnan, can bala, dur, başına dönüm, bu dəfə Lopatinə yox e, Təzəkəndə gedəcəyik.
    -Nənə, ora Lopatindən yaxındır, bəyəm? -deyə Maarif soruşdu.
    - Hə, can bala, yaxındır, amma gec getsək, kəndin hampaları bizdən qabaq gedib süpürgə kollarına da süpürgə çəkəcəklər…
    Bu sözləri eşidən Adnan qaşqabağını sallasa da, qalxıb yavaş -yavaş geyindi.
    …Bir azdan at arabası kəndin içindən keçib, torpaq yola çıxdı. Cırıltılı səs çıxaran təkərləri yolun qara bağrına iz sala-sala gedən araba Təzəkəndə sari istiqamət aldı. Adnan cilovu əlində tutub aradabir atı dəhmərləyiridi. Ailənin yeganə kəhər atı həm qoşqu, həm də minik atı idi. Çöl-bayırdan mal-qaranın otunu, evin təndir odununu at arabası ilə gətirərdilər. Yayın cırhacırında, qışın soyuğunda ailənin yükünü yorulmaq bilmədən, qorxusuz-hürküsüz kəhər at da çəkirdi.
    …Biçənəklikdən keçəndə arabanın təkərlərinin cırıltısı kəsildi. Hardasa biçilmiş təzə otların qoxusu sübhün xəfif mehinə qoşulub ətrafa yayıldı. Həqiqət bələkdə şirin-şirin uyuyurdu. Bir az əvvəl anası onu doyunca əmizdirmişdi. Birdən kolxoz tayalarının yaxınlığndan ötüb keçəndə at hürküb ayaq saxladı, əvvəlcə qulaqlarını şəkləyib fınxırdı. Sonra cilovunu çeynəyib qabaq ayaqlarını qaldırıb kişnədi. Adnan həyacanla:
    -Nənə, ora bax, deyəsən yolumuzu canavar kəsib?
    -Canavar? -deyə Sədaqət içini çəkib ağlamsındı.
    -Bəlkə itdir?-Maarif dilləndi.
    Bu dəfə Adnanın da səsi qorxudan titrədi:
    -Yox, qardaş, bu canavardı. Əyər it olsaydı, at belə hürkməzdi.
    Canavar atın qabağında şöngüyüb oturmuşdu. Ağzı gen açıb mırıldayanda dişləri də gözləri kimi ay işığında parıldadı.
    -Qorxmayın! Ananız ölməyib ki?! -Xanım uşaqlarını sakitləşdirməyə çalışdı,-Adnan, sən atın başını çək, cilovu əlində saxla.
    Sədəqət için-için ağlaya-ağlaya pıçıldadı:
    -Mən qorxuram nənə, o bizim hamımızı yeyəcək…
    Anası bir anlıq özünü itirdi, bilmədi ki, qızı necə sakitləşdirsin. Sonra qucağındakı körpəni ona tərəf uzatdı. Çarəsizlikdən onu skitləşdirmək üçün nə dediyinin fərqinə varmadı:
    -Hamımızı yeyə bilməz qızım, bəd ayağda bu dilsiz - ağızsız körpəni ataram onun qabağına, başı qarışar, onda biz qaçıb canımızı qurtararıq…
    Adnan susmuşdu, Maarif heyrət içindəydi. Dili dolaşa-dolaşa anasından tələsik soruşdu:
    -Nənə, yəni sən doğrudan bacımızı canavarın cənginə verəcəksən?
    Xanımnənə köksünü ötürüb, özünə gəldi. Handan-hana:
    -Yox, ağrın ürəyimə…-dedi,- yox!.. Mən sizin bir telinizi də o vəhşiyə vermərəm. Bacını ovundurmaq üçün belə dedim… Mən o canavarı əllərimlə boğaram, balamı onun qabağına atmaram...
    Bunu deyib canavarla çarpışmağı gözə alan qadın yaylığını çiynindən geri aşırıb, çit parçadan tikilmiş tuamnının əlində dəstələdi. Yavaş-yavaş arabadan endi. Əl-ayağına dolaşmasın deyə, əyilib ehtiyatla tumanın ətəkləri ayaqlarının arasında düyünlədi. Kanardan baxan elə sanardı ki, qadın əyninə yeddi taxtalıq tuman deyil, gen kişi şalvarı geyinib. Sonra arabadan götürdüyü polad tiyəli orağın ağac sapından bərk-bərk tutub irəli yeridi. Ölümün gözünə dik baxan ana sanki ağzı qara Canavara meydan oxuyurdu.
    Elə bil canavar da düşünmək üçün qadına möhlət vermişdi.
    -Get, canavar oğlu, canavar. Sən öz balalarən üçün yem axtarırsan. Mənə də öz balalarım əzizdir. Onlar yaşatmaq üçün gecə-gündüz dəridən-qabıqdan çıxıram…
    Canavar sanki onu başa düşürdü, quyruğunu qısıb dişləri arasından mırıldaya-mırıldaya bir neçə addım dalı çəkildi.
    Xanım da ürəklənib bir iki addım irəli yeridi. Canavarla onun arasında get-gedə məsafə azalırdı. O, orağı başının üzərinə qaldırdı.
    -Get dedim sənə...
    Birdən ot tayalarının o üzündən, kolxoz fermaları tərəfdən tüfəng səsi eşidildı. Canavar bir göz qırpımında yoxa çıxdı. Amma Xanım hələ də yerindən tərpənmirdi. Sanki orağı başının üstünə qaldıran qadın canlı heykələ dönmüşdü. Uşaqlar sevinc içində onu çağırdılar:
    - Nənə, ay nənə, canavar qorxub qaçdı, gəl gedək...
    Xanım özünə gələndən sonra kəhər ata yaxınlaşdı. At da iri gözləri ilə ona baxırdı. O, əllərin uzadıb atın yalını sığalladı. Kəhər at onun nəvazişindən xoşhallanıb, astadan kişnədi. Xanım arabaya qalxıb:
    -Adnan bala, bundan belə arabanı çölləmə sür, -dedi.
    ...Kolxozun fermalarından sonra yuğunluq başlayırdı. Yulğunluqdan o tərəfə süpürgə kolları olan sahələr görünürdı. Fermaların tuşuna çatanda çiyninə təklülə tüfəng aşırmış qarovolçu Məhərrəm ucadan Xanıma səsləndi:
    -Rəhmətliyin qızı, qurd ürəyi yeyibsən nədir? Qorxmursan ki, səhərin gözü açılmamış canavara-zada rast gələrsiniz?
    Xanım da birçəklərini yaylığının altında gizlədib danışıq tərzinə bir başqa eyham qatıb ona ikibaşlı cavab verdi:
    -Ay qardaş, dördayaqlı canavar, heç olmasa hərbə-zorba qanır e, dad ikiayaqlı canavarların əlindən…
    Uşaqlar onu eyhamının mənasını başa düşüb gülümsədilər. Bəzən süpürgə yığarkən kişilər saymazyana onun nişanladığı sahəyə girirdilər. Xanım kişi kimi sinəsini qabağa verib onları başa salancan iş işdən keçirdi...
    ...Bir azdan Günəşin isti şəfəqləri səmadakı ağ buludları ilıq rəngə boyadı. Bu ilıq təmasdan uşaqlar bir az əvvəl başlarının üstünə qanadlarını gərmiş əndişədən qurtulduqlarına görə analarına qəhrəman kimi baxırdılar...
    Noyabr 2025.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR