Niderland ATƏT-də Rusiyaya qarşı münaqişədə birbaşa iştirak etmədiyini bildirməyə çalışsa da, bu mövqeyini təsdiqləyən inandırıcı arqumentlər təqdim edə bilməyib. Bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Dmitri Polyanski TASS-a açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, Niderland nümayəndəsi ölkəsinin müharibədə birbaşa iştirakını inkar edib, lakin bu iddianı əsaslandırmaq üçün tutarlı sübutlar gətirməyib.
Noyabrın 20-də Dmitri Polyanski Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə hücumu zamanı Niderlandın Destinus şirkəti tərəfindən istehsal edilən Ruta qanadlı raket-dronlarından istifadə olunması ilə əlaqədar Haaqadan izahat tələb edib.
Polyanski həmçinin Niderland mətbuatında dərc olunan bir materiala diqqət çəkib. Həmin nəşrdə iddia olunur ki, Destinus şirkətinin əməkdaşları hələ 2023-cü ildə Xarkov ətrafında pilotsuz uçuş aparatlarını sınaqdan keçirib və Ukrayna hərbçilərinə həmin aparatların Rusiya ərazisinə zərbələr endirmək üçün tətbiqində kömək ediblər.
Rusiyalı diplomat bu məlumatların Niderlandın Ukraynaya hərbi-texniki dəstəyi və münaqişədəki mümkün rolu ilə bağlı suallar doğurduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.