Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən xarici ölkələrdə terrorçu qruplaşmanın fəaliyyətində iştirak edən iki Azərbaycan vətəndaşı saxlanılaraq ölkəyə gətirilib.
Əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Yunus Abdurahmanov Mehman oğlu 15 noyabr 2025-ci il tarixində xarici ölkəyə gedərək “İslam Dövləti – Xorasan Vilayəti” (İŞİD-Xorasan) terror təşkilatına qoşulub.
Onun dağlıq ərazidə yerləşən, xüsusi hazırlanmış mağara tipli gizli düşərgədə yerləşdirildiyi, odlu silah və döyüş sursatları ilə təmin olunduğu, terror-təxribat aktlarının törədilməsinə hazırlıq məqsədilə hərbi təlimlərdə iştirak etdiyi müəyyən edilib. Abdurahmanov keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Terror qruplaşmasının digər üzvü Abdulla Həsənbəyov Yaşar oğlu isə xarici dövlətin hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmək niyyəti ilə həmin ölkəyə yollanıb. Azərbaycan tərəfinin təqdim etdiyi məlumat əsasında müvafiq dövlətin təhlükəsizlik orqanları ilə birgə həyata keçirilən tədbirlər nəticəsində o, gizli marşrutla hərəkət edərkən saxlanılıb.
Faktlarla bağlı Yunus Abdurahmanov Cinayət Məcəlləsinin 283-1.3-cü, Abdulla Həsənbəyov isə 29 və 283-1.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.