Akademik Əli Abbasov1992-ci il noyabrın 21-də Azərbaycanın siyasi tarixində mühüm hadisə baş verdi. Ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətlə üzləşdiyi, müstəqilliyin ciddi sınaqlardan keçdiyi bir dövrdə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu, sadəcə yeni siyasi təşkilatın yaranması deyil, Azərbaycanın gələcəyinə dair məsuliyyətli qərarın verilməsi idi.
Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın tanınmış ziyalılarının təşəbbüsü ilə başlandı. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət xalqın dəyişiklik və güclü liderlik istəyinin ifadəsinə çevrildi. Heydər Əliyev bu müraciətə müsbət cavab verərək partiyanın yaradılmasını obyektiv zərurət kimi qiymətləndirdi.
Noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında ölkənin müxtəlif bölgələrini təmsil edən 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, Nizamnamə və Proqram təsdiqləndi. Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, ölkənin siyasi həyatında yeni mərhələnin əsası qoyuldu.
Ulu Öndərin rəhbərliyi ilə qısa müddətdə ümumxalq partiyasına çevrilən YAP sonrakı illərdə də siyasi mövqeyini möhkəmləndirdi. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun davam etdirilməsi partiyanın əsas prioritetlərindən biri oldu. 2005-ci il martın 26-da keçirilən III qurultayda İlham Əliyevin partiyanın sədri seçilməsi ilə bu siyasi varislik yeni mərhələyə qədəm qoydu.
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin ən böyük siyasi təşkilatı kimi fəaliyyətini davam etdirir. Partiyanın siyasi xəttində dövlətçilik, müstəqillik, azərbaycançılıq, milli maraqların qorunması, sosial ədalət və demokratik ənənələrin inkişafı mühüm yer tutur. 2021-ci ildə keçirilən VII qurultayda qəbul olunan qərarlar və yenilənmiş proqram partiyanın fəaliyyət istiqamətlərini müasir çağırışlara uyğunlaşdırdı. Mehriban Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi də həmin mərhələnin mühüm siyasi hadisələrindən biri oldu.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkənin qarşısında yeni hədəflər və vəzifələr dayanır. İşğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış, güclü iqtisadiyyatın qurulması, milli maraqların beynəlxalq müstəvidə qorunması bu prioritetlər sırasındadır. YAP-ın 2026-cı il oktyabrın 2-də keçirilən VIII qurultayı da məhz yeni geosiyasi reallıqlar fonunda partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin qurultaydakı çıxışında partiyanın qarşısında duran vəzifələr, əldə olunan nailiyyətlər və gələcək strateji hədəflər xüsusi vurğulanıb. Dövlət başçısının qeyd etdiyi kimi, ölkənin uğurlu inkişafında partiya fəallarının da mühüm töhfəsi var.
Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu siyasi təşkilatın keçdiyi yolu və qarşıya qoyduğu hədəfləri özündə əks etdirir. Yarandığı gündən etibarən Azərbaycanın siyasi həyatında mühüm rol oynayan Yeni Azərbaycan Partiyası bu gün də dövlətçilik maraqları, milli həmrəylik və ölkənin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirir.