Cənubi Koreyada imtahanda elektron cihazlardan istifadə edən şagirdləri 5 ilədək həbs cəzası gözləyə bilər

Cənubi Koreyada universitetlərə qəbul imtahanı zamanı elektron cihazlardan istifadə edərək köçürən şagirdlər cinayət məsuliyyətinə cəlb oluna və 5 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Bu barədə ölkənin Baş naziri Han Son Suk Seulda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərini Yonhap agentliyi yayıb.
Baş nazirin sözlərinə görə, imtahan zamanı ağıllı cihazlardan istifadə edərək köçürən şəxslər barəsində cinayət işi başlanması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək. Qayda pozuntusuna yol verənlərin imtahan nəticələri də ləğv olunacaq.
Cənubi Koreyada məktəblilər üçün universitetlərə qəbul imtahanı — “Sının” noyabrın 20-də keçirilib. Bundan əvvəl ölkə hökuməti süni intellekt və yüksək texnologiyalı cihazlardan istifadə etməklə köçürmənin qarşısını almaq üçün əlavə tədbirlər görəcəyini açıqlamışdı.
Yonhap agentliyinin məlumatına görə, imtahan zamanı mobil telefonlar, ağıllı eynəklər, gizli mini-kameralar və simsiz qulaqlıqlar da daxil olmaqla, elektron cihazlardan istifadə etməklə köçürmənin 111 halı qeydə alınıb.
Qayda pozuntularının 54-ü fövqəladə hallarda istifadə edilən xüsusi səsli xəbərdarlıq sistemi vasitəsilə aşkarlanıb. Bu sistem Cənubi Koreyada yerləşən bütün mobil telefonlara bildiriş göndərir və cihaz səssiz rejimdə olsa belə, xəbərdarlıq səsini söndürmək mümkün deyil.
Məlumata görə, polis artıq smartfonlardan istifadə edərək köçürməyə cəhd göstərən iki şagirdlə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, Cənubi Koreyada imtahanlarda köçürmə hallarına qarşı mübarizənin sərtləşdirilməsinə səbəb süni intellektdən istifadə etməklə baş verən bir sıra qalmaqallar olub. Belə ki, vergi məsləhətçisi olmaq üçün keçirilən imtahanda ən yüksək nəticəni göstərən şəxs sonradan süni intellektin köməyi ilə köçürdüyünü etiraf edib. O, tapşırıqların şəklini gizli kamera ilə çəkərək dəyişdirilmiş kalkulyator vasitəsilə kiçik monitorda cavablar əldə edib.
Bundan başqa, Yonsey Universitetində və Seul Bələdiyyə Universitetində keçirilən qəbul imtahanlarında ağıllı eynəklərdən istifadə etməklə köçürmə halları da aşkarlanıb.
Cənubi Koreya Prezidenti Li Ce Men isə yüksək texnologiyalı cihazlardan istifadə etməklə köçürmə halları barədə məlumat verənlərə təxminən 75 min dollar mükafat verilməsi imkanının nəzərdən keçirilməsini tapşırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.