AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hüseyn Bağırovun ailəsinin Avropadakı şirkətləri bir-birinin ardınca ləğv edilir – milyonlarla avroluq aktivlər və milyonluq borclar

  • + A
  • - A
  • Bu gün, 20:29

    Hüseyn Bağırovun ailəsinin Avropadakı şirkətləri bir-birinin ardınca ləğv edilir – milyonlarla avroluq aktivlər və milyonluq borclar


    Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun oğlu Lətif Bağırov və digər ailə üzvləri ilə əlaqələndirilən Avropa şirkətlərinin bir qismi son illərdə fəaliyyətini dayandırıb, digərləri isə ləğvetmə proseduruna cəlb olunub.

    Xaricdə yaşayan araşdırmaçı bloqer Cavanşir Həsənlinin açıqladığı məlumatlara görə, Bağırovlar ailəsi ilə əlaqələndirilən şirkətlərin maliyyə vəziyyəti və müxtəlif ölkələrdəki hüquqi statusu diqqətçəkən mənzərə ortaya qoyur.

    Latviya və Çexiyada şirkətlər zərərlə işləyib

    Lətif Bağırov və ailə üzvləri ilə əlaqələndirilən üç Latviya şirkətinin 2025-ci il maliyyə nəticələri uğurlu olmayıb. Belə ki, “Stamina Hospitality Services” 2025-ci ili 106 602 avro, “Nordfields Investments” isə 522 avro zərərlə başa vurub.

    Ən ciddi vəziyyət isə Çexiyada qeydiyyatdan keçmiş “ISLA INVESTMENT s.r.o.” şirkətində qeydə alınıb. 9 yanvar 2025-ci ildə Praqa Şəhər Məhkəməsi şirkətin ləğvetmə proseduruna başlanması barədə qərar qəbul edib. Fevralın 12-də isə şirkətin ləğvetmə statusu reyestrdə qeydə alınıb. Yeni reyestr məlumatlarına əsasən, şirkət hələ də ləğvetmə prosesindədir.

    Şotlandiyada hotel şirkətləri və 5,25 milyon funtluq borc

    Bağırovlar ailəsi ilə əlaqələndirilən Şotlandiyadakı “Nordfields Hospitalities Ltd” şirkəti ötən ilin noyabrında ləğv edilib. “Nordfields Properties Limited” isə hazırda məcburi ləğvetmə prosesindədir. Şirkətlə bağlı Şotlandiya məhkəməsi compulsory liquidation – məcburi ləğvetmə qərarı verib.

    Şirkətin 2014-cü ildə 3 milyon avroya aldığı “Buchanan Arms Hotel and Spa” isə bu prosesdən əvvəl, 2023-cü ildə “New World Hospitality” şirkətinə satılıb. Beləliklə, hotel birbaşa ləğvetmə prosesinin predmetinə çevrilməyib.

    Maraqlıdır ki, “Nordfields Properties Limited” şirkətinin məcburi ləğvi ilə bağlı 2019, 2022 və 2025-ci illərdə üç dəfə məhkəməyə müraciət edilib. İkinci müraciətin Böyük Britaniyanın vergi orqanı – HM Revenue & Customs (HMRC) tərəfindən edildiyi bildirilir.

    Hotelin 2023-cü ildə satılmasına və onun üzərindəki üç girovun bağlanmasına baxmayaraq, şirkətin ləğvetmə prosesi zamanı 5,25 milyon funt sterlinq borc öhdəliyi üzə çıxıb. Bu məbləğin 85,5 faizinin direktor Lətif Bağırovun kredit hesabı üzrə öhdəliyi olduğu göstərilir.

    Popinjay Hotel də ləğvetmədən əvvəl satılıb

    “Nordfields Properties Limited” şirkətinin balansında görünən digər daşınmaz əmlak isə Carluke şəhərində, Lanark Road 15 ünvanında yerləşən “Popinjay Hotel” olub.

    Cylex biznes məlumat bazasında hotelin hüquqi şirkəti kimi birbaşa “NORDFIELDS PROPERTIES LIMITED” (SC444402) göstərilir. Bununla belə, hotelin “LOCH LOMOND AND LANARKSHIRE TRADING LIMITED” şirkətinin icarəsində olduğu bildirilir.

    Məhkəmənin məcburi ləğvetmə qərarından təxminən üç ay əvvəl Bağırovlar ailəsi hotelin satışını həyata keçirib. Satış qiyməti açıqlanmasa da, şirkət sənədlərində hotel və ona aid yarım hektarlıq torpaq sahəsinin dəyəri 2 745 382 funt sterlinq göstərilib. Hotel 31 mart 2015-ci ildə 1 125 000 funta alınmışdı.

    Diqqətçəkən digər məqam isə 18 avqust 2022-ci ildə hotelin güclü yanğına məruz qalmasıdır. Məhz bu hadisədən dörd gün sonra, avqustun 22-də HMRC şirkətin məcburi ləğvi üçün məhkəməyə müraciət edib.

    Hotellərin şirkətin ləğvetmə prosesindən əvvəl satılması ilə bağlı bir neçə ehtimal mövcuddur:

    Birinci ehtimal şirkəti xilas etmək cəhdi ola bilər. Direktorlar borcları ödəmək və maliyyə böhranından çıxmaq məqsədilə daşınmaz əmlakları satmış, lakin buna nail ola bilməmiş ola bilərlər.

    İkinci ehtimal satışdan əldə edilən vəsaitin direktorun və ya əlaqəli şirkətlərin borclarının qaytarılmasına yönəldilməsidir.

    Üçüncü ehtimal isə aktivlərin məqsədli şəkildə şirkətdən çıxarılması – Asset Stripping versiyasıdır. Əgər əmlaklar bazar qiymətindən aşağı satılıbsa və ya satışdan əldə olunan vəsait kreditorların maraqlarına zidd şəkildə əlaqəli şəxslərə ötürülübsə, bu, hüquqi araşdırma predmeti ola bilər.

    Qeyd etmək lazımdır ki, ilk iki ehtimal da, aktivlərin məqsədli şəkildə çıxarılması iddiası da təqdim olunan məlumatlarla özlüyündə sübuta yetirilmir. Bununla belə, hadisələrin ardıcıllığı, xüsusilə Popinjay Hotelin məcburi ləğvetmə qərarından az əvvəl satılması, əməliyyatların qanuniliyinin və kreditorların maraqlarının qorunub-qorunmadığının araşdırılmasını zəruri edən suallar yaradır.

    Almaniya və Kiprdə də şirkətlər ləğv edilib

    Cavanşir Həsənlinin məlumatına görə, Bağırovlar ailəsi ilə əlaqələndirilən daha bir neçə şirkət də ötən il fəaliyyətini dayandırıb.

    Kipr Respublikasında Hüseyn Bağırovun bacısı Düriyyə Nuriyevanın direktoru olduğu “WELGEAR INVESTMENTS LIMITED” şirkətinin fəaliyyətinə xitam verilib. Könüllü ləğvetmə qərarı 2022-ci ildə qəbul edilsə də, şirkət hüquqi baxımdan ötən ilin mayında ləğv edilib.

    Almaniyada isə “WUPPER IMMOCENTER GmbH” əmlaksızlıq səbəbindən reyestrdən silinib. Lakin bu, Bağırovlar ailəsinin Almaniyadakı bütün biznes fəaliyyətini dayandırması demək deyil.

    Belə ki, Wuppertalda fəaliyyət göstərən “WU Immo Center GmbH” şirkətinin 2024-cü il balansının yekunu 11,26 milyon avrodan çox olub. Bunun 5 690 034 avrosu daşınmaz və digər maddi aktivlər, 5 100 000 avrosu maliyyə aktivləri, 470 744 avrosu isə dövriyyə aktivləridir.

    “WU Immo Center GmbH”nin Avstriyada əsas payçısı olduğu “Hütteldorferstraße 110 Liegenschaftsverwertungs GmbH” şirkətinin 2025-ci il maliyyə göstəriciləri də qənaətbəxş görünür. Şirkətin ümumi aktivləri 3,30 milyon avro, illik mənfəəti 188 300 avro, öhdəlikləri isə 2,10 milyon avro təşkil edib. Bağırovlar ailəsinin bu şirkətdəki öz kapitalının 1,19 milyon avro olduğu bildirilir.

    Latviyada və Lixtenşteyndə aktivlər qalır

    Bağırovlar ailəsinin biznes əlaqələri bununla da bitmir. Lixtenşteyndə, Vaduz şəhərində qeydiyyatdan keçmiş “BFF FOUNDATION” fondunun “WU Immo Center GmbH” üzərindən 100 faizlik payla ailə ilə əlaqələndirildiyi bildirilir.

    Həmin fond Latviyada qeydiyyatdan keçmiş “Nordfields Investments SIA” şirkətinin də 100 faizlik sahibidir. Bu iştirak 21 iyun 2018-ci ildən etibarən qeydə alınıb. Şirkət hazırda aktiv statusda görünür.

    Beləliklə, müxtəlif Avropa ölkələrində Bağırovlar ailəsi ilə əlaqələndirilən şirkətlərin bir qismi ləğv edilsə də, Almaniya, Avstriya, Latviya və Lixtenşteyndə aktiv biznes strukturlarının qaldığı görünür.

    Şirkətlərin ləğvi, maliyyə göstəriciləri, daşınmaz əmlakların satışı və üzə çıxan borc öhdəlikləri bir sıra suallar yaradır. Xüsusilə Şotlandiyadakı 5,25 milyon funt sterlinqlik borcun strukturu, direktorun kredit hesabı üzrə öhdəliyi və hotel satışlarının kreditorlarla hesablaşmalara təsiri diqqətlə araşdırılmalı məqamlardır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR