Suriya prezidenti kürd siyasətçini parlamentə deputat təyin edib

Suriya prezidenti Əhməd əş-Şaraa tanınmış kürd siyasətçi Əlham Əhmədi parlamentin deputatı təyin edib.
Bu barədə ölkənin qanunverici orqanı cümə axşamı məlumat yayıb. AFP agentliyinin xəbərinə görə, təyinat kürd qüvvələrinin və institutlarının Suriya dövlət sisteminə inteqrasiyası ilə bağlı razılaşmadan bir neçə ay sonra baş tutub.
Qeyd edək ki, yanvar ayında kürdlər və Dəməşq arasında inteqrasiya ilə bağlı razılıq əldə olunub. Bu, Suriyanın yeni hakimiyyətinin hərbi əməliyyatından sonra baş verib. Əməliyyat nəticəsində kürd silahlı birləşmələri vətəndaş müharibəsi dövründə İŞİD terror təşkilatına qarşı mübarizə zamanı nəzarətə götürdükləri əraziləri tərk ediblər.
Avqust ayında Suriya Demokratik Qüvvələrinin komandanı Mazlum Abdi kürdlərin rəhbərlik etdiyi silahlı birləşmənin buraxıldığını elan edib. Daha sonra o, prezident Əhməd əş-Şaraanın müşaviri təyin olunub.
Suriyanın keçid dövrü qaydalarına əsasən, parlamentin tərkibinin üçdə birini prezident təyin edir. Əş-Şaraanın imzaladığı fərmana əsasən, Əlham Əhməd parlamentdə boş qalmış müstəqil deputat yerinə təyin olunub. Bununla da parlament üzvlərinin sayı 205-dən 206-ya yüksəlib.
Kürdlərin dövlət sisteminə inteqrasiyası ilə bağlı razılaşma Əhməd əş-Şaraa üçün mühüm siyasi uğur hesab olunsa da, bu sənəd kürdlərin uzun illərdir irəli sürdüyü muxtariyyətin rəsmi tanınması ümidlərinə son qoyub. Əlham Əhməd isə kürd bölgələrinə özünüidarə hüququ verilməsinin fəal tərəfdarlarından biri olub.
1972-ci ildə Afrində anadan olan Əhməd uzun illər kürdlərin hüquqlarının müdafiəsi və qadınların siyasi həyatda iştirakının genişləndirilməsi istiqamətində fəaliyyət göstərib. O, siyasi fəaliyyətə Hələb Universitetinin ərəb ədəbiyyatı fakültəsində təhsil aldığı dövrdə başlayıb.
Sonradan Suriyanın şimalında və şimal-şərqində vətəndaş müharibəsi illərində formalaşan kürdlərin yarımmuxtar idarəetmə strukturunun yaradıcılarından birinə çevrilib. Həmin qurumda bir sıra rəhbər vəzifələr tutub, o cümlədən Xarici Əlaqələr Departamentinin həmsədri olub.
Mərkəzsizləşdirilmiş və plüralist idarəetmə sisteminin tərəfdarı olan Əlham Əhməd yeni Suriya hakimiyyəti ilə danışıqlarda Mazlum Abdi ilə birlikdə əsas fiqurlardan biri olub. Bu danışıqlar nəticəsində inteqrasiya razılaşması əldə edilib və onun icrasına başlanılıb.
Əhməd bu ilin mayında doqquz ildən sonra ilk dəfə doğma Afrin şəhərinə səfər edə bilib. Razılaşma həmçinin doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış kürdlərin geri qayıtması üçün şərait yaradıb.
Məlumata görə, Suriyada kürd əhalisinin sayı təxminən 2 milyon nəfərdir. Ölkənin ümumi əhalisi isə 20 milyon civarında qiymətləndirilir. Kürdlər tarixən Suriyada ayrı-seçkiliklə üzləşiblər.
Bundan başqa, hökumət qüvvələrinin irəliləyişi zamanı prezident Əhməd əş-Şaraa kürdlərin milli hüquqlarını təsbit edən və kürd dilini Suriyanın milli dili kimi tanıyan fərman da imzalayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.