ABŞ-da Şükranlıq Günü (Thanksgiving) bayramı güclü qar, yağış və küləklə müşayiət olunan əlverişsiz hava şəraiti ilə yadda qalıb. Təbii fəlakət nəticəsində ölkə üzrə 576 mindən çox elektrik enerjisi istehlakçısı işıqsız qalıb.
PowerOutage.us portalının məlumatına görə, hazırda 576 437 abonentin elektrik təchizatı kəsilib. Ən ciddi fəsadlar Şimali Karolina ştatının sahilyanı ərazilərində və ştatın Elmi Tədqiqat Üçbucağı (Research Triangle) adlanan bölgəsində qeydə alınıb.
Enerji şirkətləri fırtınaya əvvəlcədən hazırlaşmağa başlayıblar. Duke Energy güclü külək və yağışın hər iki Karolina ştatında elektrik kəsintilərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Ən yüksək riskin Şimali Karolina sahillərində və Tədqiqat Üçbucağı ərazisində olduğu bildirilib.
Virginiya və Qərbi Virciniyada fəaliyyət göstərən Appalachian Power şirkəti də hava şəraitini yaxından izlədiyini və qəza briqadalarının operativ müdaxiləyə hazır olduğunu açıqlayıb. Merilend ştatında isə Pepco və Delmarva Power sakinlərə ehtiyat enerji mənbələrini və fənərləri hazır saxlamağı, qırılmış elektrik naqillərindən uzaq durmağı tövsiyə edib.
İllinoys və Missuri ştatlarında qış fırtınası ilə bağlı xəbərdarlıqlar qüvvədədir. Sent-Luis dairəsində 10–20 santimetr yaş və ağır qar yağacağı proqnozlaşdırılır. Artıq qarın ağırlığı səbəbindən şəhərin müxtəlif ərazilərində ağacların aşdığı bildirilir.
Meteoroloqlar xəbərdarlıq ediblər ki, yaş və yapışqan qar ağacların budaqlarına və elektrik xətlərinə əlavə yük salaraq vəziyyəti daha da ağırlaşdıra bilər. ABŞ Milli Meteorologiya Xidməti isə intensiv qar yağışı səbəbindən yollarda hərəkətin son dərəcə çətinləşəcəyini, bəzi ərazilərdə isə demək olar ki, mümkünsüz olacağını açıqlayıb.
Fırtına Nyu-Yorkda da tədbirlərin təxirə salınmasına səbəb olub. Belə ki, Macy’s univermaqlar şəbəkəsinin Şükranlıq Günü münasibətilə keçirilən ənənəvi paradının 100-cü yubiley buraxılışı güclü külək səbəbindən başqa vaxta keçirilib. Bu, tədbirin təxminən bir əsrlik tarixində ilk belə haldır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.