Rusiya Ukraynada münaqişənin hərbi eskalasiyaya çevrilməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri həyata keçirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bəyan edib.
Diplomatın sözlərinə görə, Qərbi Avropa ölkələrinin Kiyevə silah və maliyyə yardımı göstərməsi açıq hərbi eskalasiya xarakteri daşıyır.
“Ölkəmiz eskalasiyanın qarşısını almaq və hazırkı mərhələnin genişlənməsini dayandırmaq üçün əlindən gələni edir”, – deyə Zaxarova bildirib.
O əlavə edib ki, Rusiya hərbi planlaşdırma zamanı Qərb dövlətlərinin həm atdığı addımları, həm də səsləndirdiyi bəyanatları nəzərə alır.
Bundan əvvəl Zaxarova “Könüllülər koalisiyası”nın keçirdiyi görüşün iştirakçı ölkələrin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirdiyini bildirmişdi.
Onun iddiasına görə, Qərb ölkələrinin danışıqlara hazır olduqları barədə bəyanatları Rusiyaya qarşı Avropanın aqressiv mövqeyini ört-basdır etmək məqsədi daşıyan “pərdədən” başqa bir şey deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.