AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ-nin yeddiillik büdcəsi ilə bağlı sammit “qanlı qarşıdurmaya” çevrilə bilər – Politico

  • + A
  • - A
  • Bu gün, 22:41

    Aİ-nin yeddiillik büdcəsi ilə bağlı sammit “qanlı qarşıdurmaya” çevrilə bilər – Politico


    Brüsseldə Avropa İttifaqının (Aİ) yeddiillik büdcəsinin müzakirəsinə həsr olunacaq sammit “qanlı qarşıdurmaya” çevrilə bilər. Bu barədə Politico nəşri diplomatların fikirlərinə istinadən yazıb.

    Nəşrin diplomatik dairələrdən olan ondan çox həmsöhbəti sammitə hazırlıq zamanı gərginliyin artacağını gözlədiklərini bildiriblər. Buna səbəb Aİ ölkələrinin liderlərinin hazırkı mərhələdə kompromisə getmək istəmədiklərinə dair siqnallar verməsidir.

    “Bu, mövqelərin yaxınlaşdırılması üçün keçirilən sammit deyil. İndi geri çəkilməyin vaxtı deyil”, – deyə diplomatlarından biri bildirib.

    Avropa İttifaqı Şurasının sədri Antonio Koşta 27 ölkənin liderini ildə 60 milyard avro gəlir gətirməsi nəzərdə tutulan beş yeni ümumavropa vergisini dəstəkləməyə razı salmalıdır. Bununla belə, hər bir ölkə özünə daha çox təsir edən vergidən azad olmağa çalışır.

    “Avropada hansı vergini ödəyəcəyinizi, hansını isə ödəməyəcəyinizi seçə biləcəyiniz menyu yoxdur”, – deyə \*Politico\*nun həmsöhbətlərindən biri bildirib.

    Ötən həftə büdcəyə əlavə olaraq 44 milyard avro həcmində ixtisarlar təklif edən Koşta layihənin bir aydan az müddətdə – dekabrın 17-də keçiriləcək ilin son sammitinə qədər razılaşdırılmasına nail olmaq istəyir.

    \*Politico\*nun mənbələrindən birinin sözlərinə görə, Koşta dekabrda uğurlu sammitin keçirilməsi üçün əvvəlcə “uğursuz” sammitə ehtiyac yarana biləcəyini anlayır.

    Məqalə müəllifi bildirir ki, əsas mübahisə predmeti büdcənin ümumi həcmi ilə bağlıdır. Almaniya və Niderlandın başçılıq etdiyi Şimali Avropa ölkələri müdafiə və rəqabətqabiliyyətliliyə üstünlük verilməklə daha kiçik büdcənin qəbulunu tələb edirlər. İtaliya, Polşa və Cənubi, eləcə də Şərqi Avropanın digər dövlətləri isə xərclərin artırılmasını, kənd təsərrüfatına və yoxsul regionlara ayrılan maliyyələşmənin qorunmasını istəyirlər.

    Digər mübahisə Fransa ilə bağlıdır. Güclü aqrar lobbisinin dəstəyi ilə və qarşıdan gələn seçkiləri nəzərə alaraq Paris 2028–2034-cü illər üçün ümumi həcmi 297 milyard avroya qədər nəzərdə tutulan birbaşa fermer ödənişlərinin qorunan payının 80 faizdən 90 faizə qaldırılmasını tələb edir.

    Bundan başqa, Aİ liderləri Avropadan kənar şirkətlərin İttifaqın müdafiə sifarişlərinə çıxış əldə edib-etməməsi məsələsində də qərar verməlidirlər. Fransa Prezidenti Emmanuel Makron bu təşəbbüsə qarşı çıxır, Rumıniya isə əksinə, Amerika istehsalçılarının müdafiə sifarişlərinə cəlb olunmasını tələb edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR