AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət qayğısı mənəvi dəyərlərimizə söykənir

  • + A
  • - A
  • 10-04-2021, 11:49


    Ülvi Quliyev
    Milli Məclisin deputatı


    Vətən müharibəsində əldə etdiyimiz qələbədən beş ay ötüb. Bu qələbəni az qala 30 ildən sonra əldə etdik. Baxmayaraq ki, tarixi ədalət də, beynəlxalq hüquq da hər zaman Azərbaycanın tərəfində idi. Ölkəmizin müharibədə əldə etdiyi qələbə dünya birliyinə çox həqiqətləri çatdırdı. Bəzi Avropa ölkələri yaşadıqları məlum fobiyalara baxmayaraq, etiraf etməli oldular ki, dövlətimiz bu illər ərzində öz iqtisadi potensialını və iqtisadi gücünü yalnız bir hədəfə yönəldib. Hədəf Qarabağ münaqişəsini beynəlxalq hüquq və tarixi ədalət müstəvisində həll etmək olub. Bunun üçün, xüsusən, son 17 ildə ordu quruculuğu prioritet təşkil edib, dövlət-vətəndaş münasibətlərinin qarşılıqlı inam üzərində qurulmasına önəm verilib, nəticədə ictimai-sosial sabitliyə nail olunub. Dünya birliyi onun da şahidi oldu ki, yerləşdiyimiz mürəkkəb coğrafi məkanda Ermənistandan fərqli olaraq, Azərbaycan öz dövlət müstəqilliyini qoruya bilib və işğalçını çıxmaqla, bütün qonşuları ilə bərabərhüquqlu münasibətləri qurmağa nail olub. Qardaş və dost ölkələr, strateji müttəfiqlər qazanıb. Nüfuzlu beynəlxalq təşkilatlarla etibarlı münasibətləri qura bilib. Müharibə günlərində dünya ictimaiyyəti onu da gördü ki, ölkəmizdə Vətən,torpaq sevgisi,vətənpərvərlik ruhu elə bir səviyyəyə qaldırılıb ki, demoqrafik müqayisədə ölkəmizə dəfələrlə uduzan Ermənistanın hərb meydanında məğlubiyyəti də qaçılmazdır.Ən başlıcası,həmin günlərdə çoxlarını,o cümlədən inkişaf etmiş bir sıra Avropa dövlətlərini heyrətləndirən ümumxalq birliyimiz, Prezident İlham Əliyevlə xalqımızın sarsılmaz vəhdəti oldu. Ali Baş Komandanımızın qətiyyətli siyasi iradəsi, yalnız qələbəyə köklənən qəhrəman Azərbaycan ordusunun bu illər ərzində yetişdirilməsi və xalqımızın birliyi onların gözü qarşısında qələbəmizi şərtləndirdi. Mübaliğəsiz,məhz bu reallıq bir çoxları, xüsusən bədxahlarımız və işğalçı Ermənistan üçün gözlənilməz oldu.

    Həqiqət bundan ibarətdir ki,ölkəmiz faktiki olaraq bir neçə cəbhədə savaş aparmaq məcburiyyətində qalmışdı.Bir tərəfdən Covid-19 pandemiyası ilə bağlı qlobal dünya təhlükəsi,o biri yandan Ermənistanın hərbi təcavüzü və onun himayədarlarının təxribatları.Bu cür ağır şərtlər altında qələbəni yalnız ümumi fədakarlıq hesabına əldə etmək mümkün idi.Nəzərə alsaq ki,həmin dövrdə dünya iqtisadiyyatında ciddi geriləmələr və neftin qiymətinin kəskin ucuzlaşması müşahidə olunurdu,təbii,bütün bunlar dövlətimiz üçün əlavə sınaq demək idi. Qələbədən sonrakı dövr də sadə deyil.Pandemiya bitməyib, dünya iqtisadiyyatı tənəzzüldən xilas olmayıb və üstəlik,ciddi geosiyasi prosesləri müşahidə etməkdəyik. Bütün bu mürəkkəbliyə baxmayaraq, dövlətimizin başçısı Qarabağda bərpa və quruculuq işlərinə start verib.O torpaqlarımızda ki,düşmən 30 il ərzində oranı viran qoyub, təkcə evlərimizi və infrastrukturu yox, məscidlərimizi, tarixi və mədəni irsimizi,hətta qəbirlərimizi dağıdıb,daşı-daş üstə qoymayıb,üstəlik, viran etdiyi əraziləri də minalayıb. Amma bütün bu çətinliklərə baxmayaraq,dünya şahidi olur ki,Qarabağa Böyük Qayıdışı təmin etmək üçün Azərbaycan hakimiyyətinin siyasi iradəsi ortadadır və bu iradə dəyişməzdir.2020-ci il 8 dekabr tarixli Prezident Fərmanı ilə “YAŞAT” fondu təsis edilib.Onun əsas məqsədi şəhid ailə üzvlərinin və müharibə nəticəsində əlillik dərəcəsi müəyyən edilən qazilərimizin sosial müdafiəsinə xidmət göstərməkdir.Fondun yaradılmasında məqsəd həm də odur ki, ən böyük nailiyyətimiz olan birliyimizi post-müharibə dövründə daha da möhkəmləndirək, mənəvi öhdəliklərimizi yerinə yetirmək üçün hər birimizə imkan yaransın.Qısa bir müddətdə Fond 2795 şəhidin on dörd min ailə üzvü və müharibədə yaralanan on minədək şəxslə görüşlər keçirib,onların ən vacib ehtiyaclarını təmin edib.Fondun himayəyə götürdüyü şəxslərin sayı beş min nəfərdən çoxdur.Bir daha xüsusi olaraq vurğulanması yerinə düşərdi ki,Fondun fəaliyyəti məhz mənəvi dəyərlərimizin qorunmasına yönəlib.Şübhəsiz ki,əsas yükü yenə də dövlətimiz çəkir.Fond şəhid ailə üzvlərinin və qazilərin bir çox istehlak kreditlərini və digər borc öhdəliklərini artıq qarşılayıb,bəzi müalicə və psixoloji dəstək xərclərini ödəyib,təhsil və peşə hazırlığı, habelə digər məsələlərin həlli üçün əlavə tədbirlər görməkdədir.

    2021-ci il 4 yanvar tarixli digər Prezident Fərmanı ilə institusional təşəbbüsün təməli qoyuldu,Qarabağ Dirçəliş Fondu yaradıldı.Bu təşəbbüsdə də məqsəd Qarabağın bərpası kimi ümumxalq işimizdə hər birimizin mənəvi iştirak haqqını tanımaqdır.Ötən il sentyabrın 27-dən sonra, müharibə günlərində Ermənistan tərəfindən mülkü əhalimizə,dövlət əmlakına,infrastruktur obyektlərinə və sahibkarlara vurulmuş ziyanın müəyyən edilib aradan qaldırılması məqsədilə Hökumət tərəfindən yaradılan Dövlət Komissiyası da fəaliyyətə başlayıb. Dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 min manat,şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat vəsait ödənilir.

    Qarabağda bərpa və quruculuq işlərinə dövlətimiz tərəfindən ilkin olaraq iki milyard manat ayrılıb.Ayrılan böyük vəsaitlər və artıq başlanılan işlər öz yerində.Görülən ən vacib tədbirlərdən biri Vətən müharibəsinin iştirakçılarını məhz dövlət qayğısı ilə təmin etməkdir.Prezidentin tapşırığı ilə Mərkəzi Bank və Banklar Assosiasiyası tərəfindən müharibə iştirakçılarına aid 1500-ə qədər kredit üzrə borclar tam şəkildə silinib.AzSığorta tərəfindən 1053 şəhidimizin vərəsəsinə və müharibədə xəsarət alan dörd mindən çox hərbçimizə 18 milyon manatdan artıq ödəniş edilib.

    Şübhəsiz ki,bütün bu statistik rəqəmlər şəhidlərimizin və qazilərimizin,bütün müharibə iştirakçılarının Vətən qarşısındakı xidmətləri ilə eyniləşdirilə bilməz.Lakin Vətən övladları və onların doğmaları görəndə ki,dövlət və cəmiyyət onların yanındadır,mövcud imkanları çərçivəsində və bəzən də real imkanlarından daha artıq dəstək vermək istəyindədir,ən əsası,dövlət-vətəndaş münasibətlərinə mənəvi dəyərlərimiz müstəvisindən yanaşılır,təbii ki,bütün bunlar xalq olaraq varlığımızı və inamlı sabahımızı şərtləndirir.Azərbaycan xalqı tarixən biganə olmayıb,müstəqil Azərbaycan dövləti də bu gün öz siyasəti və əməlləri ilə məhz bu tarixi ənənəmizə xidmət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR