AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşa Talıblıdan yeni şeirlər: "Yoxdu Allahın toxumu..."

  • + A
  • - A
  • 16-04-2021, 10:09


    [center]Bir ömür yaşayırıq, hara varsaq hicrət!
    (N. F. Qısakürək)


    ...səndən köç - köç olmaq havası gəlir,
    səndən hicrət iyi gəlir, ay qərib!
    ...Tanrıdan axirət savaşı istə,
    axirət gözlərin gülür, ay qərib!

    ...sözün qürbətidi yaşadığın yer—
    yarıgül, yarıgil səsə dəyirdi.
    ...bədrlənmiş Ay da hicrət odunda—
    qürbətçi dilində nəsə deyirdi.

    Görən, bu qəhərin qəhri nə çəkər?
    ...Tanrı səni atdı, ya sən Tanrını?
    ...salamla, alnının qübarı getsin,
    salamla, alnını yazan Tanrını!

    *
    ...ha oynadım yeri - göyü,
    ha dünyanı qarışdırım—
    dil tapa bilmirəm söznən,
    məni söznən barışdırın!

    ...küsdürmüşəm — küsüb məndən,
    işığını kəsib məndən.
    Bir vaxt qalxıb, əsib məndən,
    sözü mənnən barışdırın.

    ...ürəyinki alışmaqdı,
    odnan - suynan qarışmaqdı.
    ...mənim dərdim barışmaqdı,
    məni söznən barışdırın!

    *
    "Quran" da yazır, əfəndim!
    Çoxları bilmir, oxumur...
    ...yoxdu, başlanğıcı yoxdu,
    yoxdu Allahın toxumu!

    ...yarı adsız, yarı adlı!
    Birini də yarı atdı...
    ...niyə görmür, nə yaratdı?
    Niyə hər şeyə göz yumur?

    O bizik — gah varıq, gah yox!
    Bu sirrə də bir agah yox...
    ...Allahdan başqa Allah yox —
    Allahın izahı bumu?

    *
    Allahın altından hara qaçasan?
    Gördün?..yaza qalan yaz çiçəklədi!
    ...bir çətir altında çəltik əkərdim
    —Allahın altında az çiçəklədim...

    ...köçəri köçünə qoşulum bəlkə?
    Yoxsa qanadlanım — qanad açım mən.
    ...qaçıb can qurtarmaq belə asanmı —
    Allahın altından hara qaçım mən?

    ...yaram Yaradan yox, yar yarasıdı!
    Yarası olmayan küsdü də — gördüm...
    ...başımın üstünü çox kəsdi cəllad!
    Allahı başımın üstündə gördüm...

    Paşa Talıblı
    [/center]


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR