Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasda 4 məsələnin müzakirəyə çıxarıldığını, birinci məsələnin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin (birinci oxunuş) olduğunu söyləyib.
Hesabata əsasən, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 517,9 milyon manat məbləğində vəsait istifadə olunub. Bu vəsaitin 486,7 milyon manatı və ya 94,0 faizi əsaslı xərclərin, 31,2 milyon manatı və ya 6,0 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib. 2022-ci il dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin məbləği 1459,0 milyon manat olub və il ərzində aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq həmin vəsaitin 1457,9 milyon manatı və ya 99,9 faizi istifadə olunub. Bu vəsaitin 1368,2 milyon manatı və ya 93,8 faizi əsaslı xərclərin, 89,7 milyon manatı və ya 6,2 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib.
Qeyd olunub ki, beynəlxalq münasibətlər, xarici yardımlar, Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 2022-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 365,4 milyon manat məbləğində vəsaitin 362,5 milyon manatı və ya 99,2 faizi istifadə olunub.
Ötən ildə dövlət proqramlarının və məqsədli tədbirlərin maliyyə təminatı üçün dövlət büdcəsinin faktiki xərclərinin 47,8 faizi həcmində və ya 15341,6 milyon manat məbləğində vəsait yönəldilib. Həmin vəsaitin 9186,5 milyon manatı və ya 59,9 faizi məqsədli dövlət proqramlarının, 6155,1 milyon manatı və ya 40,1 faizi məqsədli təyinatlı tədbirlərin icrasına sərf edilib.
2022-ci ildə dövlət büdcəsinin yerli gəlirləri 1030,2 milyon manat proqnoza qarşı 1113,9 milyon manat məbləğində və ya 8,1 faiz çox icra olunub. Dövlət büdcəsinin yerli xərcləri isə 1070,1 milyon manat proqnoza qarşı icra 1013,5 milyon manat və ya 94,7 faiz olub.
2022-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 3106,0 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1385,0 milyon manat təşkil edib.
Diqqətə çatdırılıb ki, 2022-ci il üzrə icmal büdcənin gəlirləri 36760,9 milyon manat proqnoza qarşı 6336,7 milyon manat və ya 17,2 faiz çox icra edilməklə, 43097,6 milyon manat təşkil edib. İcmal büdcənin xərcləri 35640,9 milyon manat proqnoza qarşı 35073,6 milyon manat və ya 1,6 faiz az icra edilsə də, 2021-ci illə müqayisədə 5083,1 milyon manat və ya 16,9 faiz çoxdur.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri Fondun 5606,3 milyon manat məbləğində təsdiq olunmuş göstəricisinə qarşı 5729,7 milyon manat və ya 123,4 milyon manat çox, yəni 102,2 faiz icra olunub. Bu 2021-ci illə müqayisədə 551,7 milyon manat və ya 10,7 faiz çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 5606,3 milyon manata qarşı 5252,1 milyon manat və ya 93,7 faiz icra olunub ki, bu da 2021-ci ilə nisbətən 409,1 milyon manat və ya 8,4 faiz çoxdur.
İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 181,4 milyon manat proqnoz göstəricisinə qarşı 172,8 milyon manat və ya 95,3 faiz icra olunub. İşsizlikdən Sığorta Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 181,4 milyon manat proqnoz göstəricisinə qarşı 163,4 milyon manat və ya 90,1 faiz icra edilib və bu 2021-ci illə müqayisədə 32,5 milyon manat və ya 24,8 faiz çoxdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 15789,1 milyon manat proqnoz göstəricisinə qarşı 16866,5 milyon manat və ya 6,8 faiz çox olub. Dövlət Neft Fondunun büdcəsinin xərcləri 7960,4 milyon manat icra edilib ki, bu, təsdiq olunmuş proqnoz göstəricisinə qarşı 3602,7 milyon manat və ya 31,2 faiz azdır.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəlirləri üzrə proqnozdan artıq daxilolmalar da nəzərə alınmaqla Muxtar Respublikanın büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi üçün 2022-ci il dövlət büdcəsindən 425,0 milyon manat və ya proqnoza nisbətən 32,6 milyon manat az dotasiya ayrılıb. Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 607,6 milyon manat təşkil edib, bu isə 2021-ci illə müqayisədə 85,6 milyon manat və ya 16,4 faiz çoxdur.