Müasir cəmiyyətimizdə hər bir insanı, xüsusilə gəncləri idmana cəlb etmək və həvəsləndirmək üçün bir çox şüarlar var.. Əksəriyyət bu ifadələrə sadəcə şüar kimi baxsalar da, əslində bütün bu şüarların olduqca dərin köklərə dayanan, uzun illər təcrübə görmüş böyük ustadları olub.
Bunlar arasında;
“Bunu yalnız sən edə bilərsən, ancaq tək yox”, “İdmana hə - narkotikə yox”, “Burada narkotik oynamır”, “Cəmiyyətə sağlam qayıdırıq”, “İdman gənclərə bir daha şans verir” və s..
Gənclər arasında narkotik aludəçiliyinin yaranmaması və pis vərdişlərin qarşısının alınması barədə danışmazdan əvvəl idmanın əslində nə kimi faydaları olduğunu diqqətinizə çatdırmaq istərdim.
Bəli, idman bir fiziki fəaliyyət olmaqla yanaşı, cəmiyyətin gümrah qalması və sağlamlığın qorunması üçün əsas vacib amildir.
Ayrıca, global mühitdə olduğu kimi ölkəmizdə də, idman fəaliyyəti zamanı gələn maddi gəlirlərdən əlavə, kütləvi şəkildə cəmiyyət üçün idmanın faydaları özündə şəxsiyyətin ruhən və fiziki təkmilləşdirilməsi, vaxtın səmərəli keçirilməsi, ünsiyyətin artırılması, sağlamlığın qorunması, stressdən azad olmaq, rəqibə qarşı hörmət göstərilməsi və rəqabət ruhunun aşılanması kimi keyfiyyətləri özündə ehtiva etdiyi bir çoxunuza məlumdur.
Onu da qeyd etmək lazımdır ki, peşəkar idmançıların oyun zamanı aşıladıqları ədalət prinsipləri və onların idman vasitəsilə çatdırdıqları dəyərlər milyonlarla gənclərə örnək olur və nə qədər ki, yer üzündə insan mövcuddur bu və ya başqa şəkildə yararları mütləq olacaqdır.
İnsanlar antik dövrlərdən başlayaraq idmanın müxtəlif növləri ilə həm fərdi olaraq, həm də komanda formasında məşğul olmağa başlamışlar.
Profesional idmançı kimi onu vurğulamaq istərdim ki, gənclər arasında idman sevgisini gücləndirməklə, avtomatik olaraq gənclərdə bir idmançı kimi bir çox qoruyucu faktorları gücləndirmək də mümkündür. Belə ki, məşqçilər, menecerlər və idmançılar birlikdə çox vaxt keçirdikləri və ortaq bir məqsəd üçün çalışdıqları üçün güclü ünsiyyət və şəxsi əlaqələr inkişaf edir. Oyunçuların sağlamlığına zərər vura bilən və oyun qabiliyyətlərini təsir edə biləcək müxtəlif problemləri (məsələn, zərərli, pis vərdişlər) olduğunu öyrənə bilir və bu yolla idman cəmiyyətin inkişafı üçün əsl sağlam körpü, sağlam vasitə ola bilir.
Ancaq demək olmaz ki, hər bir gənc sağlamdır. Çox təəssüflər olsun ki, bəzən sosial mühit, bəzən ətrafından dolayı gənclərimiz az-az hallarda da olsa, mənfi mühitə düşə bilirlər.
Bu halda, biz idmançıların üzərinə olduqca böyük məsuliyyət düşür. Məsələn, gənclər arasında narkotik maddə asılılığını azaltmağı hədəfləyiriksə, ilk növbədə, insanlar arasında narkotik vasitələrin istifadəsinin yayılma arealı və təhlükə dərəcəsini öyrənmək daha yerinə düşərdi. Beləliklə, istifadə olunan maddələrin növləri, ilk istifadəçinin yaş həddi, istifadə səviyyəsi (təcrübi, təsadüfi, müntəzəm və ya asılı), sağlamlığa və cəmiyyətin təhlükəsizliyinə dəyən zərərlər, istifadəyə töhfə verən amillər (risk faktorları) və amillər haqqında məlumat toplamaq daha asan olardı.
Tövsüyyəm o ola bilər ki, "İdmanla məşğul olan gənclər praktikada başa düşməlidirlər ki, onların ən yaxın dostu özləridir. Nə qədər sağlamlıqlarını qorusalar, bir o qədər yaxşıdır. Beləliklə, onların bədənləri də uzun müddət sağlam qalacaq. Narkotik nədir? Narkotik bədən potensialının dağıdılması bahasına şüurun həzz almasıdır. Bu, sevdiyiniz iti şəkərlə bəsləyib, onun ölümünü yaxınlaşdırmağa bənzəyir. İnsan özünə çox ciddi şəkildə nəzarət etməlidir, çünki insanın ən yaxın dostu özüdür. Bir sözlə, ali məxluq kimi insan öz bədənini zəhərləməməlidir".
Bir daha qeyd etmək istərdim ki, “Cəmiyyəti, “Gəncliyi” zəhərləyən narkotik istifadənin vəziyyəti haqqında dəqiq təsəvvür yaratmaq üçün vəziyyətin dəyərləndirilməsi və bunun üçün isə bir çox mənbələrdən məlumat toplanması olduqca vacibdir.”