Müasir dünyada atmosfer havasının çirklənməsində avtonəqliyyat vasitələrindən atılan zərərli maddələr əsas yer tutur. Dinamik iqtisadi inkişafla bağlı ölkəmizdə də atmosferə atılan çirkləndiricilərin əsas mənbəyi məhz nəqliyyat vasitələridir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təhlükəsizlik fəaliyyətinin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Aytən Seyidova nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
O qeyd edib ki, ölkəmizdə köhnə avtomobillərin utilizasiyası məsələsi ekoloji baxımdan xüsusi əhəmiyyət kəsb edir: “Utilizasiyanın əsas məqsədi ekoloji baxımdan istismara yararsız avtomobillərin dövriyyədən çıxarılmasını, onların müəyyən hissələrinin təkrar emala yönəldilməsini, ətraf mühit üçün zərərsiz hala gətirilməsini təmin etməkdir.
Son zamanlar qəbul edilən dövlət proqramlarında köhnə avtomobillərdən istifadənin mərhələlərlə məhdudlaşdırılması, ekoloji təmiz avtomobillərin istifadəsinin təşviq edilməsi və bu qəbildən digər məsələlər yer alır.
Utilizasiya proqramının təsdiq olunması nəticəsində nəqliyyatlardan atılan zərərli maddələrin miqdarı azalacaq ki, bu da insanların sağlamlığının qorunmasına, ətraf mühitin keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq.
Yeni utilizasiya proqramının qəbul olunması köhnə avtomobillərin təkrar xammal kimi emal edilərək yenidən dövriyyəyə qaytarılması ilə həm də tullantıların idarə olunmasının təkmilləşdirilməsi nöqteyi-nəzərindən öz töhfəsini verəcək”.
Şöbə müdiri vurğulayıb ki, son illərdə iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrindən istifadə xeyli artıb. O deyib ki, ölkəmizə idxal olunan avtomobillərin əksəriyyəti istehsal tarixi köhnə olan və tələblərə cavab verməyən avtomobillərdir: “Nəqliyyat vasitələrinin sayının artması və onların qeyri-məqbul texniki vəziyyəti ətraf mühitə təsirləri daha da artırır”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Qızılgül Həsənova isə vurğulayıb ki, bir çox ölkələr və şirkətlər müəyyən bir vaxtdan sonra yalnız elektrik mühərrikli nəqliyyat vasitələri istehsal edəcəklərini bəyan ediblər.
O qeyd edib ki, dünyada ənənəvi nəqliyyat vasitələrinin ekoloji cəhətdən təmiz elektrik və hibrid mühərrikli nəqliyyat vasitələri ilə əvəz olunması tendensiyası sürətlə davam edir: “Azərbaycanda istismar edilən nəqliyyat vasitələrinin əksəriyyətinin xaricdən ixrac edildiyini nəzərə alsaq, bu tendensiyaya uyğun olaraq vaxtında qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yaranıb. Digər ölkələrdə istifadəsi qadağan olunan köhnə nəqliyyat vasitələrinin ölkəmizə axınının qarşısını almaq üçün artıq ötən ildən istismar müddəti 10 ildən çox olan minik avtomobillərinin idxalı məhdudlaşdırılır. Bu qərarlardan biri də köhnə nəqliyyat parkının yenilənməsi, yeni və ekoloji təmiz nəqliyyat vasitələrinin cəlbediciliyinin artırılması məqsədilə utilizasiya prosesinin tətbiqidir”.
Qızılgül Həsənovanın sözlərinə görə, ölkəmizdə köhnə və istifadəyə yararsız nəqliyyat vasitələrinin utilizasiyası prosesinin tətbiqi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilib: “Belə ki, Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2024-cü il tarixli Sərəncamı ilə nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılıb, 31 yanvar 2024-cü il tarixli qərarı ilə bu fondun vəsaitinin formalaşdırılması və istifadə Qaydaları təsdiq edilib. Qaydalara əsasən, Fondun vəsaiti utilizasiya haqqı, kreditlər və qrantlar, könüllü ianələr, beynəlxalq təşkilatların və digər donorların ayırmaları və digər mənbələr hesabına formalaşacaq. Utilizasiya haqqı yalnız istismar müddəti 4 ili keçmiş nəqliyyat vasitələri üçün ödəniləcək”. (APA)