Son zamanlar bütün məhsulların qiymətlərində artım müşahidə edilir. Hər kəs qiymətlərin artmasından şikayət edir. Amma bəzi məhsullar var ki, onların qiymətlərində dəyişiklik hiss etmirik. Bəs necə olur ki, hər şey bahalaşdığı bir dövrdə, məsələn, plitka şokoladın və ya günəbaxan tumlarının qiymətində artım müşahidə edilmir.
Gizli qiymət artımı barədə eşitmisinizmi?
Gizli qiymət artımı, eyni məhsulun keyfiyyətini və çəkisini cüzi azaltmaqla əldə edilən gəlirdir. Məsələn, 3 il əvvəl 1 manata satılan plitka şokolad bu gün də 1 manata satılırsa, deməli burada gizli qiymət artımı ola bilər. Məhsulun çəkisini azaldaraq, qiymətinin sabit saxlanılması ilə özünü göstərən bu bahalaşma, gizli bahalaşma üsullarından biridir. Ancaq qeyd edək ki, gizli bahalaşma hər zaman çəkinin azalması ilə həyata keçirilmir. Digər üsullar daha ağrıdıcı ola bilər. Yəni istehlakçı kimi nəzər saldıqda, bizim üçün ən yaxşısı çəkinin azaldılmasıdır. Çünki bəzi şirkətlər, məhsulun təkcə çəkisini deyil, keyfiyyətini də azaldırlar.
Digər gizli bahalaşma isə, endirim adı altında həyata keçirilir. Məsələn, 100 manata satılan bir ayaqqabı, endirim dövründə iki gün əvvəl 150 manata qaldırılır və endirim günü 110 manata təklif edilir. Bu bahalaşmanı istehlakçı heç hiss etmir, əksinə daha çox həvəslə həmin məhsulu alır.
Gizli bahalaşma üsulu, təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində uzun illərdir həyata keçrilən bahalaşma üsuludur. Bu bahalaşma zamanı istehlakçının bahalaşmaya qarşı çıxma yolu olmur. Çünki istehlakçı bunu hiss etmir.
"Azad İstehlakçılar" Birliyinin sədri Eyyub Hüseynov qeyd edir ki, məhsulların çəkisinin azalması halları tez-tez müşahidə edilə bilən bir haldır. Çünki məhsulların çəkisinə dair bir standart yoxdur. Standartlar malların keyfiyyətini təsdiqləyir, çəki isə bura daxil edilmir.
"İstehlakçılar məhsulların üzərində yazılmış çəkiyə baxaraq müəyyən rəy verə bilər. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ərzaq malları satılan yerlərdə nəzarət tərəziləri olmalıdır. İstehlakçı da malları ora qoyub çəkisini yoxlamalıdır. Sovet dövründən insanlar elə düşünürdü ki, "fasovka" edilmiş məhsul, məsələn şəkər tozu, düyü və s. çəkisi 1 kiloqramdır. Ancaq onların çəkisi həmişə 800 qram olub. "Fasovka" istehsalçının istehlakçını aldatma üsuludur. İstehsalçılar, bu üsullardan hər zaman istifadə ediblər" - deyən ekspert bildirib ki, bəzi istehsalçılar, qiymətlər artan zaman isteklakçını aldatmaq məqsədi ilə çəkini azaldırlar və buna da heç kim cavabdehlik daşımır.
Ekspertin sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu vəziyyətə də nəzarət etməlidir. Əgər əvvəl 100 qramlıq şokoladı 3 manata aldığın təqdirdə, indi 90 qram alırsansa, bunu sübut edə biləcəksənsə, dövlət xidmətini narahat edə bilərsən. Əgər sübutun yoxdursa, 10 qramla bir şey olmaz deyib məsələni şişirməyəcəksən.
Endirim məsələsinə gəldikdə, ekspert deyir ki, bu kimi hallar bütün dünyada tətbiq edilir. Əgər gözünüz görə-görə aldanmaq istəmirsinizsə, o zaman daha diqqətli davranmalısınız, ya da artıq məhsulların bahalaşdığını qəbul etməlisiniz. Başqa çarəniz onsuz da yoxdur...
Bizimyol.info