Yeni tikilən binalarda qiymət artımları müşahidə olunur. Səbəb nədir? Əmlak məsələləri üzrə ekspert
Elnur Fərzəliyevlə səbəbləri axtarmağa çalışdıq.
Əslində pandemiya dövründə və ondan sonrakı dövrdə daşınmaz əmlakların qiymətlərində enmələr olmalı idi, çünki iqtisadi baxımdan çöküş oldu. Bütün əksər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da iş yerlərinin qapalı olması və digər səbəblərdən alıcı qıtlığı yaşandı, əmlak bazarı da bir ara dayandı. Amma qiymətlər enmədi, əksinə qiymətlərdə artım müşahidə olundu. Eksperin bildirdiyinə görə, qiymət artımının müxtəlif səbəbləri var. Əsas səbəblərindən biri son bir ildə tikinti materiallarının qiymətinin kəskin artmasıdır. Qiymət artımı tikintinin maya dəyərinin artmasına gətirib çıxarır. Digər tərəfdən baxsaq, bu gün Bakı şəhərində tkintiyə yararlı torpaq sahələri yox dərəcəsindədir. Olan torpaq sahələrinin də qiyməti çox bahadır
Son vaxtlar tikinti şirkətləri daha çox pilot layihələr üzərindən tikinti işləri aparmağa çalışırlar. Buna səvəb nədir? sualına E.Fərzəliyev cavab olaraq bildirdi ki, torpaq sahələri məhdud olduğundan köhnə binaları sökür, yerində hündürmərtəbəli binalar tikirlər və bu zaman sökülən 4-5 mərtəbəli binanın sakinlərinə 2 il kirayə pulu verməli olurlar. Tikinti başa çatdıqdan sonra sakinlər öz mənzillərinə yerləşdirdiyi zaman onlara əvvəlki mənzilindən kvadratı daha böyük, tam təmirli mənzil verilir, yerdə qalan mənzilləri də satıb qoyduğu xərci və qazanc götürürlər. Təbii ki, belə bir prosesdə tikinti şirkəti daha az qazanır, özü torpaq alıb tikməsi ilə müqayisədə. Başqa bir səbəb də artıq şəhərsalma və arxitektura komitəsinin tikintilərlə bağlı normativləri sərtləşdirməsidir. Daha doğrusu, tikinti şirkətlərinin mövcud normativlərin olduğu qaydada işləmələrinə məcbur edilmələri tikintilərin qiymətinin artmasına gətirib çıxarır. Sadə dillə desək, əvvəllər 1 hektar torpaq sahəsində hansısa tikinti şirkəti 40, 50, 60, 70 min kv m bina tikə bilirdi. Yani 1 hektarda 3-4 bina tikə bilirdi. Amma bu gün ortalama 1 hektar ərazidə təxminən tikə bilir 25 min kvadrat metrə qədər. Aydın məsələdir ki, tikinti şirkətlərinin qazancı azaldıqca məcburən bu qazancı satdıqları mənzillərin üzərinə yükləməli olurlar ki, ordan zərərlə çıxmasınlar.
Bazarda qiymətlər necədir sualına Elnur müəllim bu gün bazarda qiymət tam müəyyənləşmədiyini bildirdi: "Bazarda daşınmaz əmlaklarda qiymətlər müxtəlifdir. Yani köhnə qiymətlə satışda olan mənzillər də var, hansı ki, onlar tikilməkdə olan binalardan daha ucuzdur. Və tikilməkdə olan binalar var. Qiymət tam formalaşmadığına görə əksər tikinti şirkətləri artıq bina tikməkdən ehtiyat edirlər ki, maya dəyəri baha olacaq, təklif etdikləri qiymət yüksək olacaq, nəticədə alıcı qıtlığı ilə üzləşəcəklər. Təbii ki, alıcı olmasa, şirkət tikintini davam edə bilməz. Bu səbəbdən bina yarımçıq qalar və ya iflasa uğraya bilər. Bu baxımdan üzümüzə gələn 2022-ci ildə düşünürəm ki, qiymətlər 15-20 faiz indikindən baha qiymət olacaq, qiymət artımı müşahidə olunacaq.
Sadaladığımız problemlərin və səbəblərin qarşısının alınmasına da ekspertimizin məsləhət xarakterli tövsiyəsi var: "Sadaladığımız problemlərin qarşısının alınması üçün hansısa formada dövlət dəstəyi lazımdır. Bu zaman həm tikinti şirkətləri bina tikər pul qazanar, həmçinin vətəndaşların evsizlik problemi aradan qaldırılar. Bu gün çox böyük sayda insanlarımız kirayələrdə yaşayır, möcud maaşla təklif olunan mənzil qiymətləri heç üst-üstə düşmür, mimimal və orta əməkhaqqı vətəndaşın pul toplayıb 80-100 min manata ən ucuz evlərdən birini alması mümkün deyil. Təbii ki, bununla bağlı müəyyən layihələr var, kreditli satışlar var, ipoteka kreditləri, sosial evlər var, digər layihələr var ki, bu da vətəndaşların evsizlik probleminin aradan qaldırılmasına gətirib çıxarır. Amma ümumən götürsək, tikintilərin, mənzillərin qiyməti artdıqca, həmin layihələr də artıq vətəndaşlar üçün əlçatmaz olacaq. Çünki qiymət artdıqca, onların da məbləği yüksək olacaq. Düşünürəm ki, hər hansısa bir formada tikinti şirkətlərinə müəyyən imtiyazlar olunmalıdır. Müəyyən vergidən azadolunma, yaxud hansısa formada dövlət dəstəyi olmalıdır ki, bu sahəyə maraq artsın".
Bu gün təkcə Bakı və Abşeronda yüzlərlə istismar müddətini bitirmiş binalar var ki, onlar sökülüb yeni tikili binalarla əvəz olunmalıdırlar. Bu işləri özəl sektor apardığına görə onlarda bu sahəyə maraq yaranmalıdır.
FHN paytaxt ərazisində 100-dən artıq binanın qəzalı olduğunu qeydə alıb. Çoxmənzilli istismarı başa çatmış binalar ən qısa zamanda sökülməlidir, yeni tikili binalarla əvəzlənməlidir.
Tikinti sahəsinə maraq azalıb. SəbəblərFikir verin, artıq bu sahəyə maraq yoxdur. Tikinti şirkətləri köhnə binaları sökəndə orda sakinlərlə də ciddi problemlər yaşayırlar, hansıki sakinlər binanın sokülməsini istəmir, yaxud daha böyük kvadrat, pul tələb edir. O da tikinti şirkətlərinə sərf etmədiyi üçün artıq bu sahəyə onların marağı azalıb. Söküntü, köçürülmə prosesi dövlət layihəsi olduğuna görə söküntüdə MTK-lar deyil, birbaşa dövlət qrumları iştirak etməli, dövlət qurumları vətəndaşa bir zəmanət verməlidirlər ki, bəli, bu şirkət sizin binanı söküb, iki il müddətinə təhvil verəcək. Zəmanət olmadığına görə vətəndaşlar ehtiyat edir, çünki özəl sektordu, tikə bilər, tikinti yarımçıq qala bilər, hansısa bir hadisə baş verə bilər deyə, insanlarda inamsızlıq yaranır. Buna görə də insanlarda inam yaratmaq lazımdır. Təxmini bu günə olan səbəblər budur. Vəziyyət belə getsə, qiymətlərdə də ciddi artımlar qaçılmaz olacaq.
Elnurə Abuşova