AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

15 mart tarixində təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinə öz ciddi töhfəsini verəcək

  • + A
  • - A
  • 18-03-2022, 10:36

    15 mart tarixində təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinə öz ciddi töhfəsini verəcək

    Ceyhun Məmmədov,
    Millət vəkili

    Azərbaycan Respublikası elektrik enerjisi ixracında böyük potensiala malikdir. Ölkəmiz regionda xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi ixracatçısıdır. Bu sahədə hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır. Ölkəmizin ixrac imkanlarını genişləndirəcək olan belə stansiyalardan biri də 15 mart tarixində təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyasıdır.
    Layihəni icra edən şirkət bir çox ölkələrdə uğurlu fəaliyyət ilə tanınan və böyük təcrübəyə malik olan “Masdar” şirkətidir. “Masdar” şirkəti Birləşmiş Ərəb Əmirliklərini təmsil edir. İki ölkə arasında olan yüksək siyasi, iqtisadi, turizm və ticarət münasibətləri bu ölkələrin əməkdaşlıq imkanlarına geniş şərait yaradır. Bərpa olunan enerji istehsalı sahəsində də ikitərəfli əməkdaşlıq bu layihə ilə başlayır.
    Azərbaycan xarici səhmdarların burada investisiya qoyması üçün cəlbedici və açıq ölkədir. Xüsusilə, sərmayələrin qoyuluşu özünü daha çox neft-qaz sektorunda göstərir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bunun nəticəsi olaraq enerji sahəsində istədiyimiz nəticəyə nail olduq. İndi əsas prioritetlərimizdən biri böyük həcmdə xarici sərmayənin qeyri-neft sektoruna qoyulmasıdır.
    Bu ilin başlanğıcından energetika sahəsində çox önəmli addımlar atılıb, xüsusi işlər görülüb. Buna nümunə olaraq yanvar ayında təməli Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti tərəfindən qoyulmuş 240 meqavat gücündə olan Külək Elektrik Stansiyasını və mart ayında təməli qoyulmuş 230 meqavat gücündə olan Günəş Elektrik Stansiyasını misal göstərmək olar.
    Bütün dünyada olduğu kimi, Azərbaycanda da bərpa olunan enerji növlərinin inkişafına xüsusi diqqət ayrılıb və bu istiqamətdə fərqli işlər aparılır. Ölkəmizin iqtisadi inkişafı, qonşu ölkələrlə münasibətlərimiz, nəqliyyat və kommunikasiyaların inkişafı Azərbaycanın elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olmasına imkan yaradır. Azərbaycanda bərpa olunan enerji növlərinin potensialı həddindən artıq çoxdur və ölkəmiz elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edir. Bu səbəblərə görə də dünyanın aparıcı şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çalışır.
    İşğaldan azad edilmiş ərazilərin böyük potensiala malik olması xarici investorların, beynəlxalq maliyyə qurumlarının və böyük şirkətlərin bu bölgəyə olan marağını artırır. İlkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan Günəş Elektrik Stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Keçən il ümumi generasiya gücü 20 meqavat olan 4 Su Elektrik Stansiyası bərpa olunub. Bu il ərzində generasiya gücü 27 meqavat olan 5 Su Elektrik Stansiyasının yenidən qurulması planlaşdırılır. Təkcə Kəlbəcər və Laçın rayonlarında 30-dan çox SES-in istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. İndiyə kimi həmin ərazilərdə 7 yarımstansiya yaradılıb. Bu torpaqların bərpası və elektrik stansiyalarının yaradılması ölkəmizdə dayanıqlı inkişafını təmin olunmasına kömək olacaqdır.
    Azərbaycanın iqtisadiyyatı davamlı olaraq inkişaf edir. Cari ilin ilk ayında Ümumi Daxili Məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artmışdır. Əldə olunan bütün bu nailiyyətlər ölkəmizə biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində geniş imkanlar verir. Azərbaycanın dünya ölkələrinə olan borcu cəmi 7.4 milyard dollardır və bu dünya miqyasında çox aşağı göstəricidir.
    Azərbaycanın zəngin qaz və neft yataqlarına sahib olması, nəqliyyat və kommunikasiya sahəsinin daimi olaraq inkişaf etməsi, dünya ölkələri ilə sıx tərəfdaşlıq əlaqələrinin olması, yüksək siyasi idarəetmənin olması Azərbaycanın dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR