Ölkənin ən böyük Reablitasiya Mərkəzi Şağanda dəfələrlə olsam da Xaçmaz Reabilitasiya Mərkəzinə ilk səfərim idi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Xaçmaz Reabilitasiya Mərkəzinə mediatur təşkil etmişdi, sözsüz ki mən də bu fürsəti qaçırmadım.
İlk baxışdan kənardan xudmani görünüşü var. Amma görülən işlərlə, yaradılan şəraitlə tanış olduqda bu xudmani binanın əslində neçə ağrıyan ürəyə, sızlayan sümüklərə, pozulan psixologiyaya məlhəm olması möhtəşəm hisslər yaradır.
Həmkarlarımla birgə Mərkəzdə əlilliyi olan şəxslərə, müharibə ilə əlaqədar əlilliyi olan qazilərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olduq.
Bakı-Xaçmaz yolu boyu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları Dəniz xanım və Rita xanımdan öyrənirik ki, son beş ildə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin yaradılması təmin edilib. Nəticədə reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəlməsi ilə yanaşı, reabilitasiya xidməti göstərilən şəxslərin illik sayının 7 dəfədən çox artmasına nail olunub.
Agentliyin tabeliyində 15 reabilitasiya müəssisəsi və 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Həmin müəssisələrdə bu ilin 4 ayında əlilliyi olan 33, 8 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 5,5 min şəxsə 40,2 min reabilitasiya vasitəsi verilib.
Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Nazirliyin şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra etdiyi sosial dəstək paketinin bir istqiaməti olaraq, 3300-dən çox müharibə veteranına reabilitasiya xidmətləri göstərilib. Həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2147 şəxs 56,2 min reabilitasiya vasitəsi, o cümlədən 471 şəxs 492 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.
Qeyd edim ki, Xaçmaz Reablitasiya Mərkəzində 25 personal xidmət göstərir. 14 nəfər Mərkəzdə gecələyir, yaxın ərazidə olanlar səhər gəlir, reablitasiyadan sonra axşam evlərinə dönürlər. Gecə qalanlardan biri şəhid ailəsi, ikisi isə qazi idi.
Həyətdə çardaqda psixoloq qazilərimizlə söhbət aparırdı. Psixoloq Səidə Naxmədova il yarımdır ki, bu mərkəzində fəaliyyət göstərir. Səidə xanım qeyd etdi ki, əvvəlki vaxtlara nisbətən qazilərimizin psixoloji vəziyyətində xeyli irəliləyiş var. Hər qaziyə fərdi yanaşmaq, keçirdiyi, onu narahat edən hissləri fərdi dinləmək lazımdı. Qrup halında müzakirələr və psixoloji testlər reabliyasiyaya müsbət təsir edir.
Mərkəzin hovuzu, idman zalı, yeməkxanası, bir sözlə bütün otaqları tam təmirli, müasir standarlara cavab verən invertarlarla təmin olunub. Səliqə-səhman da göz oxşayır, sakinlərinin ruhuna rahatlıq verir.
Müalicə alanlar müxtəlif xasiyyətlidir, ərköyünü də var, çılğını da, sakiti də. Onların hər biri ilə öz dilində danışıb razı salmaq kollektivdən yüksək peşəkarlıq tələb edir. Abu-havadan görünürdü ki, Reablitasiyanın personalı buna nail olmağı bacarıb.
Xaçmaz Reabilitasiya Mərkəzinin şöbə müdiri Natavan Xanmirzəyeva ilə söhbət edirik. Xanım etiraf edir ki, bəzən Mərkəzi istirahət məkanı ilə, yaxud xəstəxana ilə dəyişik salıb, tələblərin sayını artıranlar da olur. Gülümsəyir.
Mərkəzin direktoru Rövşən Muradov çox səmimi rəhbər təsiri bağışladı. Bizi nə vaxt Xaçmaza yolumuz düşsə, mütləq yolumuzu Xaçmaz Reabilitasiya Mərkəzinə salmağa dəvət etdi. Rövşən müəllimdən öyrənirik ki, postmüharibə dövründə Xaçmaz Reabilitasiya Mərkəzində də 400-dən çox müharibə iştirakçısı reabilitasiya xidmətlərindən faydalanıb.
Direktor qeyd etdi ki, yaxlın ərazilərdən gələn əlililiyi olan şəxslər amblator, uzaqlardan gələnlər isə stasionar müalicəyə cəlb olunurlar, hər müalicə kursu 14 gündür.
Qeyd olundu ki, Mərkəz Xaçmaz rayonunda və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərmək yolu ilə onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, onların tibbi, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə alınmaqla dietik və rasional qidalanmasının təşkili, yaş və sağlamlıqlarını nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb edilməsi, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görür. Mərkəzdə bərpa müalicəsi alanlarla bağlı məlumat bankı yaradılır, bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur. Müəssisə 2 və 3 nəfərlik palatalardan ibarət olmaqla toplam 14 çarpayılıqdır.
Mərkəzdə əlil arabasında gülərüz gənc və yanından bir an olsa da ayrılmayan xanımı pozitiv mənzərə yaradırdı.
Anadangəlmə serebral iflic xəstəliyindən əziyyət çəkən Famil Əliyev mərkəzə 8-ci dəfə gələrək buradakı xidmətlərdən yararlanır. Xanımı Məhbubə nə danışa, nə də eşidə bilir… Amma davranışlarından anlamaq olurdu ki, səhhətlərindəki problemlərə baxmayaq onlar xoşbəxtdir.
[/center]
Reablitasiya üçün gələnlərdən biri Rauf Hacıyev 1-ci Qarabağ müharibəsi əlilidir. Müharibənin ən qızğın vaxtlarında Beyləqanda, Füzulidə döyüşüb. Ayağının birini Haramı düzündə minaya düşərək itirib. Bakıdan gəlmişdi. Soruşuram nə əcəb Bakıdakı mərkəzləri yox, buranı seçdin. Deyir sakitliyinə, təmiz havasına görə.
Qazilərlə söhbətləşirik. Hər biri bir qəhrəmandı. Heç bir şikayətləri yoxdu. İstəkləri təkcə budur ki, əlillərlə, Vətən Müharibəsində yaralananlar arasında fərq qoyulsun. İldə bir dəfə komissiyadan keçib əlilliyin təsdiqi üçün sənəd yığmaq onları yorur. Bir də səhhətlərinə uyğun işlə təmin olunmalarını istəyirlər. Ələbaxan kimi görünmək istəmirlər. İşlə təmin edilsələr, həm də vaxtları səmərəli keçər.
Nazirliyin əməkdaşları bu məsələnin həllinə çalışacaqlarına söz verdiyi üçün, qabartmağı lazım bilmirəm. Dəfələrlə müraciətimə rəğmən bilirəm ki, deyiblərsə, mütləq həllinə nail olmaq üçün qanun imkan verdiyi çərçivədə əllərindən gələni edəcəklər.
Mərkəzdə yaradılan şəraitlə, əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə, burada tətbiq olunan müasir fizioterapevtik müalicə prosedurları ilə tanış olub, elə onlarla bərabər yemək süfrəsində nahar etdik. Yeməklər dadlı idi, itburnu şirəsinin də dadı damağımda qaldı.
Bir nüansa bir daha əmin oldum. Əlilliyi xəstəlik kimi yox, həyat tərzi kimi qəbul edib pozitiv enerji ilə həyata, cəmiyyətə adaptasiya olmaq lazımdır.
Bir media-turumuz da belə xoş, biraz kövrək notlarla başa çatdı.
Elnurə Abuşova
Bakı-Xaçmaz-Bakı