AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sülh müqaviləsinin bağlanmasına alternativ yoxdur

  • + A
  • - A
  • 28-05-2023, 13:45

    Sülh müqaviləsinin bağlanmasına alternativ yoxdur

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin may ayının 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasındakı çıxışında qeyd etmişdir ki, sülh gündəliyi öz aktuallığını qoruyan ən önəmli məsələlərdəndir.
    Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yeni siyasi, iqtisadi və hüquqi reallıqlar formalaşıb, hərtərəfli əməkdaşlıq üçün səmərəli format yaranıb.
    Tam iqtisadi müstəqillik əldə edən Azərbaycan bir çox dövlətlərlə, regional təşkilatlar və birliklərlə ciddi əməkdaşlıq edir.
    Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla həyata keçirilir. Məsələn, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard ABŞ dolları təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in 9 faizindən aşağı səviyyədədir və azalma tendensiyasını nümayiş etdirir, valyuta ehtiyatlarımız isə xarici borcu 10 dəfə üstələyir.
    Ölkəmizin böyük uğurları fonunda cılız görünən və kapitulyasiyaya uğrayan Ermənistan hələ də sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə gecikdirir. Ancaq hal-hazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşlması üçün ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var.
    Heç bir dövlətə qarşı ərazi iddiası olmayan Azərbaycan regionda beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunması məsələsində beynəlxalq hüququn başlıca prinsiplərinə əsaslanır və onların sırasında ərazi bütövlüyü xüsusi yer tutur.
    Nəzərə almaq lazımdır ki, beynəlxalq hüququn aparıcı subyekti kimi, dövlətlərin ən mühüm əlamətlərindən birini məhz onların ərazisi təşkil edir. Bunun təsdiqini, “Dövlətlərin hüquqları və vəzifələri haqqında” 26 dekabr 1933-cü il tarixli Montevideo konvensiyasının 1-ci maddəsində tapmaq olar. Konvensiyanın ən mühüm müddəalarından birini də 11-ci maddədə əksini tapan “dövlətin ərazisi toxunulmazdır və hərbi işğal obyekti ola bilməz” hüquqi tezisi təşkil edir. Ərazilərin toxunulmazlığı, eyni zamanda, BMT Nizamnaməsinin ən mühüm müddəalarından biridir.
    Qarabağın Azərbaycanın tərkib hissəsi olaraq tanınması barədə Ermənistanın bəyanatları və Azərbaycan Respublikası ərazisinin konkret rəqəmlərlə göstərilməsi, ölkəmizin ərazi bütövlüyünün tanınmasından sonra böyük sülh müqaviləsinin digər maddələrinin razılaşdırılmasını asanlaşdıracaq.

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR