AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid qardaşı ordudakı rüşvətdən, özbaşınalıqdan yazdı, qəbula buraxılmamasından şikayətləndi

  • + A
  • - A
  • 25-06-2021, 19:34


    Gənc alum, şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev ordudakı rüşvətdən, özbaşınalıqdan yazıb, aidiyyəti şəxslərin onu qəbul etməməsindən şikayətlənib. Azadmedia.az gənc alimin yazdıqlarını olduğu kimi dərc edir:
    "Bugün Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin qarşısında müharibə iştirakçıları, şəhid yaxınları və qazilərin keçirdiyi etiraz aksiyası Müdafiə Nazirıliyi üçün utanc və rüsvayçılıqdır. Vətən müharibəsində kişi kimi vuruşub düşmənin layiqli cavabını verən, günlərlə ac-susuz döyüşüb yaralanan igidlər haqlarının tapdalanmasına, Müdafiə Nazirliyi tərəfindən aylardır aldadılmalarına dözməmiş, səslərini ucaltmışdılar. Onları ən çox incidən isə heç bir döyüşdə iştirak etməyən, düşmənə bir güllə belə atmayan, kiminsə tapşırığı və ya hansısa əyri yollarla ayrı-ayrı şəxslərin orden-medal alması idi.

    Qüruru, vicdanı, abır-həyası olan nazir, qərargah rəisi əvəzi və orden və medalların, fəxri adların verilməsinə rolu olan digər vəzifəli şəxslər bu etirazdan sonra istefasını verib üzüsulu getməlidir. Düz 9 aydır "komissiya təyin edilib, araşdırma aparılır, hər kəsin haqqı veriləcək" deyən Müdafiə Nazirliyi yenə də bacarmadı, döyüşən, canını qoyan, Vətən üçün qanını tökən igidləri növbəti dəfə narazı saldı, küsdürdü.
    Müharibə zamanı bütün məsuliyyəti ölkə başçısı cənab Prezident İlham Əliyev öz üzərinə götürdü, təxirəsalınmaz qərarları, tapşırıqları birbaşa ölkə başçısı verdi. Müharibə vaxtı ortalarda görünməyən Müdafiə nazirinin vəzifəsinin öhdəsindən gələ bilməməsi bugün bir daha sübut olundu. Zakir Həsənov nazir təyin ediləndə ordudakı rüşvət və özbaşınalığa son qoyulacağına ümid etsək də, sonra gördük ki, yanılmışıq. Sələfi Səfər Əbiyevın atasına rəhbət oxutduran Zakir Həsənovun nazir olduğu dönəmdə və elə müharibənin ən qızğın vaxtında da ordudakı özbaşınalıq, rüşvətxorluq baş alıb getdi, əsgərlərin təminatının, xüsusilə də işıq generatorları və siqaretlərin satıldığı heç kimə sirr deyil. Ordudakı vəzifələrin tutulması, əsgər və zabitlərin yerdəyişməsi, rütbə və təltiflərin verilməsi məsələləri orduda alver predmeti oldu, bu məsələləri Müdafiə Nazirliyinin xüsusi "makler" qrupu həyata keçirdi. Özünü ölkə başçısına təqdim edəndə ad və soyadını səhv deyən, çoxsaylı fermalara sahib olduğu üçün fermer ləqəbi qazanan Xəqani Cəbrayılov kimi generallar, işıq generatorları satmaqla və etdiyi digər pis əməllərlə məşhur olan Taleh Şamilov kimi hərbi hissə komandirləri, Hikmət Mirzəyev və Mais Bərxudarovun qısqanclığını çəkən, onların adının döyüş zamanı tez-tez mətbuatda, televiziyada çəkilməsini həzm edə bilməyən general Azər Əliyev kimi şəxsləri Müdafiə Nazirliyi, Hərbi Prokurorluq zamanında cəzalandırmalı, onları ordudan uzaqlaşdırmalıydı. Amma görünən odur ki, Müdafiə Nazirliyində Ordumuzun təmizlənməsi, islahatların həyata keçirilməsinə mane olan böyük bir təxribatçı dəstə var. Hansı ki, Altay Mehdiyev də bu yaxınlarda mətbuata verdiyi açıqlamasında həmin dəstənin mövcudluğuna və onların orduya, xalqa, dövlətə və ölkə başçısına xəyanətinə işarə vurmuşdu.

    Müdafiə Nazirliyi tamamilə ləğv edilməli, ordu Türkiyə ordusu modelinə keçməlidir. Yalnız bundan sonra orden-medal, rütbə və digər məsələlərin alverinə son qoymaq, ideal və mükəmməl ordu qurmaq mümkün olacaq.

    Son olaraq qeyd edim ki, əgər Müdafiə naziri Zakir Həsənov və Müdafiə nazirinin müavini Kərim Vəliyev məni qəbul etsə, xəbərləri olmadığı rüşvət, özbaşınalıq, alver məsələlərini birbaşa özlərinə deyəcəm. Amma 9 aydır ki, pandemiya bəhanəsilə qəbul etməyiblər".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR